Beynəlxalq Qırmızı Xaç Təşkilatı `Vucjak` düşərgəsində vəziyyəti fəlakət adlandırıb

Beynəlxalq Qırmızı Xaç Təşkilatı Bosniyanın Xorvatiya ilə sərhədindəki miqrant düşərgəsində vəziyyəti `fəlakət` adlandırıb və miqrantların təcili olaraq daha təhlükəsiz bölgəyə köçürülməli olduğunu bildirib.

Təşkilatın cümə axşamı açıqladığı bəyanatında bildirilib ki, miqrantların öz aralarında `cəngəllik` adlandırdığı və təxminən 700 nəfərin yaşadığı `Vucjak` düşərgəsində nə elektrik, nə içməli su, nə də ayaqyolu var.

Təşkilat adamların ifrat dərəcədə sıx olduğu çadırlara su sızdığını deyib.

Qırmızı Xaç düşərgədə müalicəyə ehtiyacı olan insanların olduğunu və oradakı sakinlərin 70 faizinin qaşınmadan əziyyət çəkdiyini bildirib. Təşkilatın dediyinə görə, 80 çadırdan ibarət olan düşərgədə Bosniya Qırmızı Xaç Cəmiyyətindən yalnız beş könüllü çalışır.

Bu ilin əvvəlindən bəri Bosniyaya 23,000 yaxın miqrant gəlıb və Avropa Birliyinin üzvü Xorvatiya ilə şimal-qərb sərhədində hələ də minlərlə insan sərhədi keçməyə çalışır.

Təşkilat Bosniyadakı miqrantları qəbul mərkəzlərinin dolu olduğunu və minlərlə insanın küçələrdə yatdığını bildirib.