Oktyabrın 5-də Beyləqan rayonunun (Bakıdan 291 kilometr cənub-qərb) Baharabad kənd sakinləri yeni tibb məntəqəsinin açılışını qeyd edib. Tədbirdə ABŞ səfirinin müavini Vilyam Gil, Azərbaycanın iqtisadiyyat və səhiyyə nazirlikləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, habelə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndəsi iştirak edib. Layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
“ABŞ Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Birgə işləyərək biz sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik,” Vilyam Gil qeyd edib.
“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaq üçün Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir. Baharabad sakinləri bunu edə bildikləri üçün fəxr etməlidir. Məhz onların səyləri nəticəsində biz bu gün bu yeni tibb məntəqəsinin açılışında iştirak edirik”, o əlavə edib
Uzun illər icmanın tibbi ehtiyacları bələdiyyə binasının bir otağında qarşılanırdı. Bina yararsız vəziyyətə düşdüyündən icmanın səhiyyə ehtiyaclarını ödəmək üçün əlverişsiz idi. EWMI-in texniki dəstəyi ilə, icma üzvləri yerli və regional hökumət qurumları ilə işləyərək yeni tibb məntəqəsini inşa edib. Üç müayinə otağı və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Baharabad kəndinin 1.450 sakininin gündəlik səhiyyə xidmətlərinə çıxışını yaxşılaşdıracaq.
Ümumilikdə, EWMI təşkilatı Azərbaycanın 77 icmasında 120.000-ə yaxın insana fayda verən 87 layihə tamamlayıb.