Azərbaycan Müdafiə və Xarici İşlər Nazirlikləri birgə bəyanatla çıxış edərək “Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət daşıdığını” bildirib.
Bəyanatda deyilir ki, Azərbaycanın yaşayış məntəqələrinin və hərbi bölmələrinin atəşə tutulması nəticəsində ölənlər və yaralananlar olub. Əsasən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində bir uşaq və qadının həyatını itirməsi, iyulun 25-də Ermənistan Silahlı Qüvvələri tərəfindən döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə olunaraq əldə hazırlanmış yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mərmilərin Azərbaycan ordusunun mövqelərinə atılması göstərilir.
Qeyd olunur ki, erməni tərəfin təxribatları həmsədrlər və beynəlxalq ictimaiyyət tərəfindən səsləndirilən substantiv danışıqlara ciddi çağırışlar fonunda törədilir.
Münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması mütləq şəkildə labüddür, bəyanatda deyilir.