Köpək balığı hücumu sonrası sağ qalmış sörf ulduzu Ficidə hamını heyran qoydu

10 il əvvəl dəhşətli köpək balığı hücumundan sonra sağ qalmış və milyonlar tərəfindən tanınmış Betani Hamilton Dünya Qadın Peşəkar Sörf liqasının əsas mərhələlərindən olan Fici Qrampirisində iştirakı arzuların reallaşmasının ən bariz nümunəsi olub.

Hələ 13 yaşında ikən Havay sörf məktəbinin sürətlə yüksələn ulduzu Betani 2003-cü ilin oktyabrında dostları ilə sörf edərkən nəhəng köpək balığının hücumuna məruz qalmış və qolunun birini itirmişdi. Buna baxmayaraq hadisədən bir ay sonra o, yenə sörfinqə qayıtmışdı.

Hamiltonun 2004-cü ildə yazdığı “Sörferin Ruhu” tərcümeyi-halı əsasında 2011-ci ildə eyni adlı film ekranlara çıxmışdı. Hamilton 2009-cu ildə yeniyetmələr üzrə dünya sörf çempionatında gümüş medala layiq görülmüşdü.

Ötən həftə sonu Ficidə keçirilən sörfinq yarışmasına qatılma hüququ qazanan Hamilton uğurlu çıxışı ilə yadda qalıb. Onu izləyənlər arasında əri və körpə oğlu da yer alıb.

“Qolumu itirdikdən sonra belə mən arzuladıqlarımı və hətta bundan artığını etməyi çox sevirəm,” Betani Hamilton öz müsahibəsində belə deyib.

Hamilton dünya çempionu Stefani Gilmoru və yüksək sıralamada olan Taylor Raytı qabaqlayaraq ümumi sıralamada 3-cü yeri tutub.