Benzinin qiymətləri qalxdı

Benzindoldurma məntəqəsi

Tarif Şurası rabitə xidmətləri, hava nəqliyyatı, sərnişindaşıma xidmətləri, bəzi neft məhsulları və başqa qiymətlərə baxıb
Azərbaycan Tarif (qiymət) Şurasının dekabrın 2-də keçirilən iclasında rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” ASC və “Azərikimya” İB) satışı və bəzi neft məhsullarının satış tariflərinə baxılıb. Xəbəri Tarif Şurasının rəsmi saytı yayıb.

Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılıb və müvafiq qərar qəbul edilib.

Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilib.

Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib.

Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilib, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanılıb.

Tarif (qiymət) Şurasının iclasında Azərbaycan Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılmış və müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.

Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.

Rabitə xidmətləri üzrə yeni tariflər 1 yanvar 2014-cü il tarixdən, təsdiq olunmuş digər tariflər isə 3 dekabr 2013-cü il tarixindən tətbiq ediləcəkdir.