Brüsseldə polis və 1 aprel günü şənliyə toplaşan gənclər arasında qarşıdurma olub

Brüsseldə COVID-19 məhdudiyyətlərinə baxmayaraq, cümə axşamı "Zarafat Günü" şənlənmək üçün Bois de la Kambr parkına toplaşan minlərlə gənclə polis arasında qarşıdurma olub.

Keçən ay sosial mediada aprelin 1-i parkda "La Boum" (Şənlik) konsert olacağı ilə bağlı məlumat paylaşılıb və bu, belə görünür bir zarafat olub. Lakin təxminən 20 min nəfərin parka toplaçacağı barədə xəbər polisi narahat edib.

Brüssel polisi çərşənbə günü elan olunan "şənliyin" bir zarafat olduğunu bildirib və COVID-19 qaydalarına zidd olduğu barədə xəbərdarlıqlar edib. Buna baxmayaraq, rəsmilər parka çoxu məhdudiyyətlərə görə hiddətlənən təxminən 2000 nəfərin toplaşdığını bildirib.

Qarşıdurmalar cümə axşamı polisin butulkalar və başqa əşyalar atan izdihamı dağıtmağa çalışarkən başlayıb. Atlı və xüsusi təyinatlı polis qüvvələri buna hiddətlənmiş kütləyə qarşı su şırnağından və gözyaşardıcı qazdan istifadə etməklə cavam verib.

Məlumatlarda azı dörd nəfərin həbs olunduğu və həm polis işçiləri, həm də parka toplaşanlar arasında yaralananların olduğu, bəzilərinin yerli xəstəxanalara müraciət etdiyi bildirilib. Brüssel polisi və prokurorların bildirdiyinə görə, sosial media zarafatının arxasında kimin olduğu araşdırılır.

Parkdakı bəzi gənclər jurnalistlərə oraya vəd edilmiş konsert və ya polisi təhrik etmək üçün deyil, bezdikləri, məhdudiyyətlərdən əziyyət çəkdikləri və küçəyə çıxmaq istədikləri üçün getdiklərini deyib.

Belçikada pandemiya məhdudiyyətləri dörd nəfərdən çox insanın toplaşmasını qadağan edir.