Belarus təhlükəsizlik qüvvələri jurnalistlər və hüquq müdafiəçilərinin evlərində axtarış aparıb

Belarus təhlükəsizlik qüvvələri ölkədə 20-dən çox jurnalistin və hüquq müdafiəçisinin evlərində axtarış aparıb. Müxalifət liderlərindən biri bunun müstəqil şəxsləri qorxutmaq üçün məqsədyönlü bir kampaniya olduğunu deyib.

Minsk və digər qəsəbə və şəhərlərdə ən azı 25 yaşayış yeri fevralın 16-da polis və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən hədəf seçilib.

Minskdə Vyasna (Bahar) insan hüquqları mərkəzinin ofisləri və Belarus Jurnalistlər Birliyinin mərkəzi qərargahında da axtarış aparıldığı bildirilib.

Belarus rəsmiləri açıqladıqları bəyanatda bu axtarışların onların sözlərilə, etirazların "özlərini insan haqları müdafiəçisi kimi göstərən təşkilatlar" tərəfindən maliyyələşdirilməsi ilə əlaqədar istintaqla bağlı olduğunu qeyd edib.

Ölkənin aparıcı müxalifətçisi Svetlana Tixanovskaya axtarışları qınayıb.

"Bu, əsl böhrandır. Rejim hakimiyyətdə qalmaq üçün insan haqlarını müdafiə edənlərə qarşı repressiya aparır. Bu davam etdiyi müddətdə bütün belaruslar təhlükə altındadır. Belaruslar bu böhranı necə həll edəcəyini bilirlər" - deyə, o Telegram sosial şəbəkəsində bildirib.

Uzun müddətdir ölkənin lideri olan Aleksandr Lukaşenkonun Tixanovskaya və tərəfdarlarının saxta adlandırdığı səsvermədə yenidən seçildiyini iddia etdiyi avqust seçkilərindən bəri Belarusu görünməmiş etirazlar dalğası bürüyüb.

On minlərlə belarus demək olar ki, hər həftə küçələrə çıxaraq, Lukaşenkonun hakimiyyətdən getməsini və yeni seçkilərin keçirilməsini tələb edir.

Lakin Lukaşenko bu tələbləri rədd edib, təhlükəsizlik orqanlarının rəsmiləri isə minlərlə adamı həbs edərək, Tixanovskaya və digər tanınmış müxalifət nümayəndələrini ölkədən çıxmağa məcbur ediblər.