Belarus hökuməti iki müxalifət fəalını həbsdən azad edib

  • Amerikanın səsi

Belarus prezientliyinə keçmiş namizəd Andrey Sannikov, Minsk,15 aprel 2012

Belarus hökuməti Qərb ölkələrinin insan hüquqlarının geniş şəkildə pozulmasına görə rəsmi Minskə qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra prezidentliyə keçmiş namizəd və onun kampaniyasının menecerini həbsdən azad edib.

2010-cu ildə hazırkı avtoritar prezident Aleksandr Lukaşenko ilə rəqabət apararaq, prezidentlik uğrunda mübarizə aparan Andrey Sannikov şənbə günü, onun kampaniyasının meneceri Dmitri Bondarenko isə bazar günü azad ediliblər.

Sannikov 2010-cu ildə çox sayda pozuntularla əlaqədar etiraz nümayişlərinin təşkilinə görə aldığı beş illik həbs cəzasını çəkib. Bondarenko iki il müddətinə həbs cəzası almışdı.

Azadlığa çıxdıqdan bir neçə saat sonra Sannikov onu Minsk dəmiryolu vağzalında qarşılayan tərəfdarlarına təşəkkürünü bildirib.

Sannikov və Bondarenko polisin 2010-cu ildə dekabr ayında səsvermədən sonra paytaxt Minksdə başlamış nümayişləri dağıdan zamanı yüzlərlə başqa iştirakçılarla bərabər həbs edilmişdilər.

1994-cü ildən Belarusu idarə edən prezident Lukaşenko səslərin 80 faizini alaraq qələbə çaldığını bildirmişdi. 2010-cu ildə prezident seçkisindən sonra nümayişlərlə əlaqədar olaraq, prezidentliyə daha dörd namizəd həbs edilmişdir.

Sannikov və Bondarenko Avropa İttifaqının Lukaşenko hökumətinə qarşı insan hüquqlarının geniş şəkildə pozulması il əlaqədar yeni sanksiyalar tətbiq etməsindən sonra azad ediliblər.

Bəzi təhlilçilər Lukaşenko hökumətinin siyasətçiləri azad etməklə Qərbin rəğbətini qazanmağa çalışdığını düşünür.