Çərşənbə günü gecə minlərlə belarus prezident Aleksandr Lukaşenkonun gizli andiçmə mərasiminı qınayan kütləvi nümayişlər keçiriblər.
Paytaxt Minskdə təhlükəsizlik qüvvələri dövlət Belta xəbər agentliyinin 66 yaşlı Lukaşenkonun keçən ay keçirilən mübahisəli seçkilərdən sonra onun 26 illik hakimiyyətinə son verilməsini tələb edən kütləvi nümayişlərə məhəl qoymadan altıncı dəfə prezidentlik dönəminə and içdiyinə dair xəbər yaymasının ardınca nümayiş keçirən etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib və çox sayda insanı saxlayıb.
Lukaşenko, ölkə daxilində və xaricdə səsvermənin onun hakimiyyətdə qalması üçün ciddi şəkildə saxtalaşdırıldığı barədə iddialara baxmayaraq, avqustun 9-da keçirilən seçkidə səslərin 80 faizini qazandığını və qələbə çaldığını təkid edir.
“Biz sadəcə bir prezident seçmədik, biz dəyərlərimizi, dinc həyatımızı, suverenliyimizi və müstəqilliyimizi müdafiə etdik” - deyə, Lukaşenko andiçmə mərasimində iştirak edən rəsmilərə bildirib.
Lukaşenko "Mənim belarusları tərk etməyə haqqım yoxdur. Mən onları tərk edə bilmərəm" deyib.
Dövlət televiziyasında tədbirdən əvvəl Minsk küçələrinin Lukaşenkonu müşayiət edən maşın karvanının keçməsi üçün bağlandığı nümayiş etdirilməyib.
Mərasimdə nə xaricdən qonaqlar, nə də Lukaşenkonun ən yaxın müttəfiqi olan Rusiyadan nümayəndələr iştirak edib.
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü senator Cak Rid Amerikanın Səsinə müsahibəsində gizli mərasimin Lukaşenkonun Belarus xalqının dəstəyini itirdiyinə işarə olduğunu deyib.
"Belarus xalqı həqiqətən böyük cəsarət və böyük sədaqət nümayiş etdirdi. Onlar terrordan, zülmdən, polisin zorakılıqlarından qorxmur və geri dönməyə davam edir. Onlar həqiqətən Lukaşenkonun getməsini istəyir və bunu dinc şəkildə etməyə çalışır" - deyə, Rid bildirib.
Tədbirdən bir neçə saat sonra Lukaşenkonun seçkilərdə əsas rəqibi olan Svetlana Tixanovskaya bəyanatla çıxış edərək andiçməni "məzhəkə" adlandırıb.
"Bu gün Lukaşenko xalqdan gizli özünün inauqurasiyasını keçirməyə çalışdı" deyən Tixanovskaya, onun Belarusun "nə qanuni, nə də legitim rəhbəri" olmadığını deyib.
“Mən, Svetlana Tixanovskaya Belarus xalqı tərəfindən seçilən yeganə liderəm. Hədəfimiz birlikdə yeni bir Belarus qurmaqdır” - deyə, o bildirib.
Tixanovskaya Lukaşenko hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra azad və ədalətli seçkilərin keçirilməsinə çağıracağını deyib.