Güneydə şallaq cəzası və daha bir fəalın həbsi

Yaşar Piri və Behbud Quluzadə


İnsan haqları qruplarının yaydığı məlumata istinadən 21 fevral Dünya Anadili Günü ərəfəsində İranın İnformasiya nazirliyi və təhlükəsizlik orqanları tərəfindən azərbaycanlı və umumiyyətlə qeyri-fars fəallara tətbiq olan basqılar artıb.

Fevralın 16-da ETTELAAT məmurları Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının Mərkəzi Komitəsinin üzvü Behbud Quluzadəni Baxış Film və Şəkil Evi adlı foto mağazada tutublar. Azərbaycan veb səhifələri məmurların mağazada axtarış keçirib, 8 kompyuter, bir çox CD və milli fəalın bəzi əşyalarını özləri ilə apardıqlarını bildiriblər. Behbud Quluzadənin yaxınlarına onun haraya aparıldığı ilə bağlı məlumat verilməyib.

Yeni GAMOH təşkilatı Mərkəzi Komitəsinin digər üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli və Şəhram Radmehr, həmçinin təşkilatın başqanı Lətif Həsəni də son zamanlarda həbs ediliblər.

Təbrizdə isə Ümumi Məhkəmənin 104-cü şöbəsi azərbaycanlı gənc Yaşar Pirini asayişi pozmaqda günahlandıraraq, onu şərti olaraq 30 zərbə şallaq və üç ay həbsə məhküm edib. Məhkəmə milli fəalın üç il ərzində toplantılara qatılması və stadionlara getməsinə qadağa qoyaraq, buna əməl etmədiyi təqdirdə, şallaq və həbs cəzasının icra edilməsi haqda hökm çıxarıb və onun yeni cəzalar ala biləcəyi ilə bağlı xəbərdarlıq edib. Hökmə əsasən Yaşar Pirinin gələn üç il Azərbaycan şəhərlərində sevilən “Tıraxtur” futbol komandasının maçlarına getməsinə qadağa qoyulub.

İnsan haqları qrupları son günlər həmçinin əhvaz ərəb fəalın tutulması ilə bağlı məlumat yayıblar.