BBC-yə müsahibə verən iranlı jurnalist tutulub

BBC-yə müsahibə verən iranlı jurnalist tutulub

Jurnalist bildirib ki, Tehran əhalisi son günlərdə ölkəyə mümkün hərbi hücumla bağlı yayılan şayiələri nəzərə alaraq vahiməyə düşüb.

BBC-yə “Sepah”ın hərbi sursat anbarında baş verən partlayışla bağlı müsahibə verən iranlı jurnalist Həsən Fəthi tutulub.

Noyabrın 12-də Paytaxt Tehranın 20 kilometrliyindəki Melard şəhərinin Bidqone məntəqəsində “Sepah”a məxsus böyük silah və hərbi sursat anbarında bilinməz səbəblər üzündən partlayış olub. Nəticədə 17 nəfər yerindəcə həlak olub, 16 nəfər isə yaralanıb. Ölənlər arasında “Sepah”ın raket proqramının həyata keçirilməsində önəmli rolu olan general Həsən Tehrani Müqəddəm də var.

“Media forum” saytının məlumatına görə, Həsən Fəthi BBC-nin farsdilli televiziyasına partlayışla bağlı müsahibə verdikdən dərhal sonra tutulub. Həmin açıqlamasında jurnalist paytaxt Tehran əhalisinin hadisə ilə bağlı təəssüratını dilə gətirib: “Tehran əhalisi son günlərdə ölkəyə mümkün hərbi hücumla bağlı yayılan şayiələri nəzərə alaraq vahiməyə düşüb. Əhali şəhərin hücuma məruz qaldığını zənn edərək qorxu hissi keçirib”.

Jurnalistin harada saxlandığı bilinmir.