17 noyabr- Milli Dirçəliş Günüdür

1988-ci ilin noyabr mitinqi

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət bayramları sırasına daxildir. Amma 2006-cı ilin dekabrında qanunvericiliyə edilən dəyişikliklərdən sonra iş günü elan edilib.

Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda “Azadlıq” meydanında başlayan milli-azadlıq hərəkatı-mitinqləri ilə bağlıdır.

Həmin vaxt Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı siyasət nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı başlayıb. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanında Azərbaycan xalqı davamlı mitinqlər keçirib. Milyondan çox insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxıb. Dekabrın əvvəllərində mitinqlər SSRİ qoşunları tərəfindən dağıdılıb və Bakıda fövqəladə vəziyyət elan edilib.

1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) dövlət tərfindən qeydiyyata alınıb. Elə həmin ilin sentyabrında Ali Sovet (parlament) Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul edib. 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridilib. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edilib. Çoxsaylı aksiya iştirakçıları və dinc sakin qətlə yetirilib.

Buna baxmayaraq azadlıq hərəkatı daha da genişlənib. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı seçilib. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa edib.

1992-ci ilin mayında isə AXC hakimiyyətə gəlib. Qısa müddət ərzində Azərbaycandan keçmiş SSRİ qoşunları çıxarılıb.

Bununla yanaşı, 1988-1992-ci illərdə Xocalı faciəsi baş verib, indiki Ermənistan ərazisində və Qarabağda yaşayan yüz minlərlə azərbaycanlı tarixi torpaqlarından didərgin salınıb. Qarabağ cəbhəsində minlərlə insan həlak olub, itgin düşüb, ağır məhrumiyyətlərə məruz qalıb.