Bayram Məmmədov işgəncəyə məruz qaldığını bildirib

"Məni rezin kameraya salıb, bir sutka əllərim və ayaqlarım bağlı vəziyyətdə, üzü üstə saxladılar. Yumruq-təpiklə döyürdülər. Mən işgəncəyə öyrəşmişəm, amma görünür, bunlar təcrübəsiz idilər, üzümə vururdular."

Bu barədə Bayram Məmmədov aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində deyib.

Gənc fəal Məmmədov üzündəki xəsarətləri - burnunun üzərində, sağ gicgah nahiyəsində, qulağındakı qançırları hakimə göstərib. Bildirib ki, martın 17-də həbsdən buraxılıb, ertəsi gün onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağırıblar. Bölmədən də Sabunçu Rayon Polis İdarəsinə aparıblar:

"Orada mənə dedilər ki,`sənin başın ağrıyacaq`. Həbsdən buraxılmamışdan əvvəl də mənə eyni şeyləri deyirdilər. Buraxdılar, sonra yenə polisə çağırırdılar. Martın 30-da bölmədən idarəyə aparmaq adı ilə çıxarıb birbaşa məhkəməyə apardılar. 30 sutka inzibati həbs qərarı verib Binəqədi təcridxanasına gətirdilər. Ora çatan kimi rezin otağa saldılar. Döyürdülər, şillə-yumruq...".

Bayram Məmmədov heç bir inzibati pozuntuya yol vermədiyini deyib. Hakim ondan işgəncəyə məruz qalmasının səbəbini soruşanda belə cavab verib:

"Bayram Məmmədov - heykəl məhbusudur, hər şey aydındır da...".

Bayram Məmmədov onu da bildirib ki, təcridxanada onu döyənlərdən ikisi hazırda məhkəmə zalında onun yanında əyləşiblər. Həmin şəxslər Məmmədovu təcridxanadan məhkəməyə gətirib-aparanlar idi. Onlardan biri Pənah adlı şəxs idi. Amma heç biri Bayram Məmmədovun dediklərinə münasibət bildirməyib.

Məhkəmənin qərarında yazılıb ki, Bayram Məmmədov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin qarşısından keçəndə söyüş söyüb. Onu intizama dəvət edən polis əməkdaşının tələbinə tabe olmayıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov aprelin 2-də gənc fəalın 30 sutka həbs qərarını qüvvədə saxlayıb. İşgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılan Bayram Məmmədov martın 30-da yenidən saxlanılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə - polisə müqavimətdə təqsirli bilinərək, ona 30 gün inzibati həbs cəzası verilib.

Rəsmi qurumlar Bayram Məmmədovun həbsinin səbəbləri və onun işgəncəyə məruz qalması ilə bağlı məhkəmədə dediklərinə hələ münasibət bildirməyib.