Bayram Məmmədov ailəsi ilə görüşüb

Bayram Məmmədov

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəal Bayram Məmmədov İyulun 2-də ailəsi ilə görüşüb.

Bu barədə məhbusun atası Fərman Məmmədov AzadlıqRadiosuna bildirib.

Fərman Məmmədov oğlunun vəziyyətinin yaxşı olduğunu, səhhətində ciddi problem yaşanmadığını dedi: “Hər halda, bizə “Yaxşıyam” dedi”.

Bayram Məmmədovun saxlanma kamerasının dəyişdirilib-dəyişdirilməməsi barədə suala ata “Deyiblər ki, bugünlərdə həll olunacaq” cavabını verib.

NİDA hərəkatının fəalı Bayram Məmmədov saxlanma şəraitinə qarşı etiraz olaraq iyunun 23-də başladığı aclıq aksiyasını iyunun 28-də dayandırıb.

Bayram Məmmədov tualetin yanındakı kameraya yerləşdirilməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. O, rəhbərliyin boşalan yerləri məhbuslara pulla satdığını iddia edirdi.

Rəsmi məlumata görə, Bayram Məmmədovdan 3 qrama yaxın, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Gənc fəal Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Amma Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarları yazdıqlarına görə həbs edildiklərini və işgəncələrə məruz qaldılarını bildirirlər.

“Amnesty İnternational” təşkilatı Bayram Məmmədov və Qiyas İbrahimovu vicdan məhbusu kimi tanıyıb.