Paris Siyasi Tədqiqatlar İnstitunun tədqiqatçısı Bayram Balçı Amerikanın Səsinə müsahibədə Türkiyədə baş verən çevriliş cəhdindən və onun nəticələrindən danışıb.
Your browser doesn’t support HTML5
Türkiyə üzrə ekspertin sözlərinə görə, çevrilişlə bağlı xəbərlərdən sonra ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın inasanlara küçələrə çıxmaq barədə çağırışından sonra buna əməl edənlərin əksəriyyətinin AKP və Ərdoğan tərəfdarı olmasına baxmayaraq onların arasında Ərdoğanı dəstəkləməyən insanlar da olub. Buna səbəb isə Türkiyə xalqının böyük hissəsinin hərbi çevrilişlərə qarşı olmasıdır və onlar yeni hərbi çevriliş istmədiklərini göstərmək üçün meydana çıxıblar. Bundan əlavə “bu çevriliş cəhdi başlayandan sonra Türkiyə parlamentində təmsil olunan dörd siyasi partiya çevrilişin əleyhinə olduqlarını açıqladı və bunun bir nəticəsi o oldu ki, onların tərəfdarları da küçələrə çıxdı,” deyə Bayram Balcı bildirib.
Sosial mediada prezident Ərdoğanın çevriliş cəhdindən xəbərdar olduğu və bundan istifadə edərək öz hakimiyyətini gücləndirəcəyi ilə bağlı söz-söhbətə cavab olaraq cənab Balçı “Mən buna inanmıram” deyib. Buna səbəb onun sözlərinə görə, parlament və cənab Ərdoğanın qaldığı otelə bomba atılmasıdır. “Çox təəssüf ki, Türkiyə tarixində hərbi çevrilişlər mövcuddur və Ərdoğanın da öz gücünü göstərmək üçün belə bir şeyi icad etdiyini deyənlərə inanmıram,” deyə Bayram Balçı bildirib. Lakin o həmçinin vurğulayıb ki, çevriliş cəhdinin baş tutmaması prezident Ərdoğanın lehinə çevriləcək və onun hakimiyyətinə daha çox güc verəcək. “Önümüzdəki həftələrdə Türkiyədə daha sərt iqtidar ortaya çıxacaq.”
Prezident Ərdoğanın çevriliş cəhdinin arxasında Fətullah Gülənin olduğunu deməsi və Amerikanı onu Türkiyəyə ekstradisiya etməsinə dair çağrışları ilə bağlı cənab Balçı “onsuzda 2013-cü ildə Ərdoğan – Gülən koalisiyası pozulduqdan sonra Ərdoğan Gülənin Türkiyəyə geri göndərilməsini istəyirdi, amma qanuna görə bu, mümkün deyil. Lakin çevriliş cəhdinin ardından əgər Gülən camaatinin çevrilişlə əlaqəsi olduğu ortaya çıxsa və bununla bağlı sübutlar olsa, Türkiyə Gülənin ekstradisiya olunması üçün təzyiqləri artıracaq.”
Cənab Balçının fikrincə çevriliş cəhdini Gülən camaatı təşkil etməyib, amma mümkündür ki, burada onun bir barmağı var. Əgər bu sübut olunsa, Gülən məsələsi ABŞ-Türkiyə münasibətlərində çox mühüm rol oynayacaq.