Bayden Əfqanıstanda öldürülən ABŞ hərbçilərinin xatirəsini yad edib

Prezident Co Bayden və birinci ledi Cill Bayden ötən həftə Kabil hava limanı yaxınlığında baş verəm bomba partlayışı nəticəsində öldürülən ABŞ hərbçilərinin ailələri ilə görüşüb.

Hücumda həmçinin azı 170 əfqan həyatını itirib.

Öldürülən ABŞ hərbçilərinin beşi 20 olmaqla hamısı 20 ilə 31 yaş arasında olub. Ailələr Prezidentlə Delaverdə Doover Hava Qüvvələri Bazasında görüşüb. Onlar orada xarici döyüşdə ölənlərin qalıqlarının qəbul edilməsi üçün keçirilən hərbi mərasimdə iştirak ediblər.

ABŞ Prezidenti Co Bayden və birinci ledi Cill Bayden

“Prezident və Birinci Ledi Kabildə amerikalıları, bizim tərəfdaşlarımızı və əfqan müttəfiqlərimizi qorumaq üçün həyatlarını verən amerikalı hərbi qulluqçuların ailələri ilə görüşəcək,” mərasimdən öncə Ağ Evin bəyanatında bildirilib.

Hücum ötən həftə minlərlə insanın Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanı tərk etmək üçün toplaşdığı hava limanının önündə baş verib. Hücumda azı 170 əfqan və 13 ABŞ hərbçisi öldürülüb.

Hücumun məsuliyyətini İslam Dövləti qrupunun Əfqanıstandakı qolu üzərinə götürüb.