Co Bayden özünün milli təhlükəsizlik üzrə müşavirləri ilə görüşür

ABŞ-da yeni prezident seçilmiş Co Bayden çərşənbə axşamı öz milli təhlükəsizlik müşavirləri ilə görüşüb. Lakin onların sırasında hökumətin kəşfiyyat təhlilçiləri olmayıb. Belə ki, Prezident Donald Tramp Demokratın prezidentliyə keçidini əngəlləməkdə davam edir.

Bayden heyətindəki keçid rəsmilərinin sözlərinə görə, Bayden və vitse-prezident seçilmiş Kamala Harris qlobal məsələləri öz diplomatik, kəşfiyyat və müdafiə ekspertləri ilə müzakirə ediblər.

Bir çox Respublikaçı qanunvericilər ötən günlərdə dövlət kəşfiyyat rəsmilərinin 20 yanvarda keçiriləcək andiçmə mərasimi ərəfəsində Baydenlə birifinqə qatılmasına çağırıblar, hərçənd ki, Tramp Baydenin proqnozlaşdırılan seçki qələbəsinin nəticələrini aradan qaldırmaq və ikinci dönəm hakimiyyətdə qalmaq üçün hüquqi müstəvidə etirazlarını davam etdirir.

Respublikaçı qanunvericilər bildirir ki, Baydenə ABŞ təhlükəsizliyinə hədələri təhlil edən prezidentin gündəlik kəşfiyyat məlumatlarının verilməsi Demokrat siyasətçinin hakimiyyəti ələ alması üçün önəmlidir.

Lakin Tramp dəfələrə seçkiləri udduğunu iddia edib və Baydenin qələbəsini tanımaqdan imtina edir. Səsvermənin nəticələri Baydenin 538 Elektoral Kollegiya səslərindən 270-dən çoxunu qazandığını göstərir ki, bu da seçki mexanizminə əsasən onu prezident seçkilərinin qalibi edir.

Ölkə boyu seçki rəsmiləri Amerkanın Səsinə və başqa ABŞ media orqanlarına bildiriblər ki, onlar seçki nəticələrinə təsir göstərməyəcək xırda qanunauyğunsuzluq insidentləri istisna olmaqla geniş miqyasda seçki saxtakarlıqları aşkar etməyiblər.

Baydenin özündə kəşfiyyat brifinqləri və çoxsaylı hökumət agentliklərinə çıxışı ehtiva edən rəsmi hakimiyyətə keçidə başlaması üçün Baş Xidmətlər Administrasiyası Baydenin seçkilərdə qələbə çaldığını sertifikatlaşdıran sənəd imzalamalıdır. Tramp həmin sənədin imzalanmasına mane olur.