Bayden və Yun Şimali Koreya təhlükəsinə qarşı daha güclü hərbi mövqe sərgiləyəcəklərinə işarə edir

ABŞ Prezidenti Co Bayden və Cənubi Koreya Prezidenti Yun Suk Yeul

ABŞ Prezidenti Co Bayden və Cənubi Koreya Prezidenti Yun Suk Yeul Şimali Koreyanın bir sıra raket sınaqları və mümkün nüvə sınaqları fonunda daha güclü hərbi mövqe sərgiləyəcəklərinə işarə ediblər.

“Bu gün prezident Yun və mən yaxın əlaqələrimizi gücləndirmək və regional təhlükəsizlik çətinliklərinin öhdəsindən gəlmək, o cümlədən çəkindirmə mövqeyimizi daha da gücləndirməklə Koreya Xalq Demokratik Respublikasının yaratdığı təhlükəyə cavab vermək və Koreya yarımadasının tam nüvəsizləşdirilməsi istiqamətində işləmək üçün üzərimizə birgə işləmək öhdəliyi götürdük,” Bayden şənbə günü Seulda keçirilən birgə mətbuat konfrasında bildirib. Seul onun Cənubi Koreya və Yaponiyaya altı günlük səfərinin ilk dayanacağıdır.

Sammitin yekunlarına dair birgə bəyanatda deyilir ki, liderlər “Koreya yarımadasında və onun ətrafında birləşmiş hərbi təlimlərin əhatə dairəsi və miqyasını genişləndirmək üçün” müzakirələrə başlamaq barədə razılığa gəliblər və Şimali Koreyanın “sabitliyi pozan fəaliyyətləri” fonunda “nüvə silahlarından istifadəni çəkindirmək siyasətini gücləndirmək üçün yeni və ya əlavə addımlar müəyyən etmək” öhdəliyi götürüblər.”

Müttəfiqlər arasında hərbi təlimlərin miqyası pandemiya dövründə və keçmiş prezidentlər Donald Tramp və Mun Cae-inin administasiyalarının Şimali Koreya lideri Kim Conq Unu danışıqlara cəlb etmək səyləri çərçivəsində azaldılmışdı.

Ancaq Şimali Koreya silah proqramını davam etdirir və bu il 16 raket testi həyata keçirib, o cümlədən son dörd ildə ilk dəfə olaraq mart ayında ilk qitələrarası balistik raketi sınaqdan keçirib. ABŞ rəsmiləri xəbərdarlıq edib ki, Bayden Asiyada ikən Pxenyan əlavə raket və ya hətta nüvə sınaqları həyata keçirə bilər.

Şimali Koreyada yoluxmalar

Hər iki lider hazırda Şimali Koreyada COVID-19-a yoluxma halları ilə bağlı narahatlıqlarını ifadə ediblər və deyiblər ki, onlar Pxenyana virusla mübarizə etməyə yardım etmək üçün beynəlxalq ictiamiyyətlə işləməyə hazırdırlar.

Şimali Koreya dövlət mediası şənbə günü ölkədə təxminən 220,000 yeni naməlum "qızdırma" halının qeydə alındığını və 66 nəfərin öldüyünü bildirib.

Ekspertlər yoluxma hallarının bildiriləndən daha yüksək olduğundan və xəstəliyin ərzaq çatışmazlığı və zəif səhiyyə infrastrukturundan əziyyət çəkən ölkədə yayılmasının fəlakətli nəticələrə yol açacağından narahatdır. Pxenyan əhaliyə peyvənd vurdurmayıb və BMT-nin COVAX proqramının vaksin ianə etmək təklifini rədd edib.