Vitse-prezident Bayden prezident Yanukoviçi güzəştə getməyə çağırıb

Biden Health Care

ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Viktor Yanukoviçi ölkədə siyasi böhrana son qoymaq üçün beynəlxalq dəstəyi qəbul etməyə çağırıb.

Ağ Ev ABŞ-ın vitse-prezidenti və Ukrayna prezidenti arasında telefon söhbətinin baş tutduğunu deyib. Ağ Evin verdiyi açıqlamada Co Baydenin prezident Yanukoviçi iğtişaş polisini küçələrdən geri çəkməyə, həbs edilənləri azad etməyə, həmçinin jurnalistlər və nümayişçilərə hücum edənlərin məsuliyyətə cəlb edilməsinə çağırdığı deyilir.

ABŞ-ın vitse-prezidenti bildirib ki, Ukrayna xalqının etibarını qazanan hökumətin yaradılmasının yalnəz dialoq və güzəştlər yolu ilə əldə edilə bilər.

Co Bayden və Ukrayana prezident arasında telefon söhbəti Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eştonun Viktor Yanukoviç və müxalifət liderləri arasında fevralın 5-də Kiyevdə görüşü ərəfəsində keçirilib.

Ukraynada nümayişlər noyabr ayında prezident Yanukoviçin Avropa İttifaqı ilə uzun müddət gözlənilən sazişdən imtina etməsindən sonra başlayıb.

Müxalifətin istefa çağırışlarının davam etdiyi bir vaxt, Viktor yanukoviç hökumətin istefasını qəbul edib və partlamentin nümayişlər əleyhinə qanunu ləğv etməsinə nail olub.

Fevralın 4-də müxalifət parlamentdən prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edib.