Bayden Trampı Kapitolidəki zorakılıqları pisləməyə çağırdı

Prezident Trampın tərəfdarları ABŞ Kapitolisinə hücum edərək binanın qapanmasına bais olduqdan sonra yeni seçilmiş prezident Co Bayden Trampı xalqa müraciət etməyə və sülhə çağırmağa səsləyib.

“Mən Prezident Trampı indi milli televiziyaya çıxaraq öz andını yerinə yetirməyə və Konstitutsiyanı müdafiə etməyə və bu mühasirəyə son qoymağa çağırıram,” Bayden deyib.

“Bu etiraz deyil – bu, üsyandır.” Bayden əlavə edib.

O, çərşənbə günü Kapitoli binasında baş verənləri pisləyərək binaya hücum edənləri Amerikanı təmsil etməyən “ekstremistlər” adlandırıb.

“Bu saatda Amerika misilsiz bir hücum altındadır ki, bunun bənzərini müasir zəmanədə görməmişik. Söhbət azadlıq qalası olan Kapitolinin özündən gedir.”

Az sonra Tramp Twitterdə bir dəqiqəlik video açıqlayıb. Həmin videoda Prezident öz tərəfdarlarını “evə getməyə” çağırıb. Lakin prezident öz çıxışına seçkilərin “oğurlanması” barədə əsassız ittihamları təkrarlamaqla başlayıb.

Twitter Trampın tvitini onun ittihamlarının fırıldaq mahiyyətli və zorakılığa səsləyici olduğunu əsas gətirərək onu bəyənməyi yaxud paylaşmağı qadağan edib. Facebook və YouTube da videonu öz platformalarından yığışdırıblar. Onlar bu addımı Trampın seçkilərin saxtalaşdırılması ilə bağlı əsassız ittiamları ilə əlaqələndiriblər.