Bayden Hindistan, Avstraliya və Yaponiya liderləri ilə sammit keçirib

Birləşmiş Ştatlar, Yaponiya, Hindistan və Avstraliya cümə günü Hind-Sakit Okean regionunda demokratiyanı qorumaq kimi ortaq öhdəliklərini elan ediblər, amma Çinin artan hakimiyyəti ilə bağlı ortaq narahatlıqlarından bəhs etməyiblər.

Dörd ölkədən ibarət “Quad” kimi qrupun liderləri Ağ Evdə görüş keçirib. Bu ilk dəfə idi ki, ABŞ Prezidenti Co Bayden canlı sammit keçirirdi.

“Biz uzun zamandır əməkdaşlıq edən dörd böyük demokratiyayıq. Biz işləri necə görməli olduğumuzu bilirik və çətinlikləri həll etməyə hazırıq,” Bayden digər liderlərlə, yəni Avstraliya Baş naziri Skot Morrison, Hindistan Baş naziri Narendra Modi və Yaponiya Baş naziri Yoşihide Suqa ilə görüşü zamanı bildirib

Dörd lider ictimai açıqlamalarında birbaşa olaraq Çindən bəhs etməsələr də, qapalı görüş zamanı Pekinin diqqət mərkəzində olduğu gözlənilirdi.

Suqa deyib ki, bu görüş dörd ölkə arasında “azad və açıq Hind-Sakit okean regionundakə sarsılmaz öhdəliyinə” işarədir.

Morrison deyib ki, “Biz azad və açıq Hind-Sakit okean regionuna inanırıq, çünki bilirik ki, bu, regionun güclü, sabit və firavan olmasına gətirib çıxarır.”

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijian cümə günü Pekində müxbirlərə verdiyi açıqlamada “Quad” qrupunu tənqid edib.

“Bağlı kiçik bir qrupun başqa ölkələri hədəf alan iclas keçirməsi zamanımız trendinə və regiondakı ölkələrin istəklərinə ziddir. Onlar heç bir dəstək almayacaqlar və uğursuzluğa məhkumdurlar,” o deyib.

Dördtərəfli Təhlükəsizlik Dialoqunun iclasından sonra Bayden yaxında vəzifədən gedəcək Suqa ilə də təkbətək görüş keçirib.

Görüşdən öncə isə Bayden Modi ilə danışıqla aparıb. Modi müxbirlətə deyib ki, Baydenin rəhbərliyi altında “Hindistan-ABŞ münasibətlərinin genişləndirilməsi üçün toxumlar səpilib və bu, bütün dünya ölkələri üçün transformasiya dövrü olacaq.”

Bayden 2006-cı ildə Hindistanla ABŞ-ın bütün dünyada iki ən yaxın ölkə olacağını proqnoz etmişdi. O demişdi ki, Hindistan-ABŞ münasibəti “daha güclü, yaxın və sıx və inanıram ki, bütün dünya üçün faydalı olacaq.”