Prezident Co Bayden cümə axşamı Ağ Evdəki vəzifəsi dövründə ABŞ-ın dünya ölkələri ilə əlaqələrini kəskin şəkildə artıracağına söz verib və keçmiş prezident Donald Tramp tərəfindən qurulan xarici əlaqələrə son bir neçə ildə laqeyd yanaşıldığını və sui-istifadə edildiyini deyib və buna son verəcəyinə söz verib.
Prezident olaraq Dövlət Departamentində etdiyi ilk böyük xarici siyasət müraciətində Bayden "Amerika geri döndü" deyib. “Amerika dünya səhnəsindən kənarda qala bilməz. Diplomatiya bizim xarici siyasətimizin mərkəzində yerləşir” - deyə, o bildirib.
Həm Rusiyanı, həm də Çini Amerikanın qətiyyəti barədə xəbərdar edən Bayden “Amerikanın müttəfiqləri bizim ən böyük sərvətimizdir” deyib. “Əvvəlcə Amerika” kredosundan istifadə edən Tramp avtoritar dövlətlərlə daha yumşaq davranaraq, ABŞ-ın ənənəvi müttəfiqləri ilə tez-tez mübahisə edib.
Bayden keçən həftə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışanda ona ABŞ-ın Moskvaya doğru yuvarlandığı günlərin sona çatdığını deyib.
ABŞ prezidenti Putini müxalifət lideri Aleksey Navalnını dərhal və"şərtsiz" azadlığa buraxmağa çağırıb. Navalnı keçən il şübhəli Rusiya agentləri tərəfindən zəhərləndikdən sonra Almaniyada müalicə alıb və bu həftə qayıtdıqdan sonra iki il yarım müddətinə həbs cəzasına məhkum edilib.
Çinə gəldikdə isə Bayden "Biz Pekinlə bizim marağımız olduğu təqdirdə işləyəcəyik" deyib.
Bayden ABŞ-ın Səudiyyə Ərəbistanının Yəməndəki hərbi hücumuna dəstəyinin sona çatdırdığını deyib və bunu “humanitar və strateji fəlakət” adlandırıb. ”Bu müharibə sona çatmalıdır” deyib.
Bayden deyib ki, bunun əvəzində ABŞ Ərəbistan Yarımadasının ən kasıb ölkəsindəki beş illik qarşıdurmanı diplomatiya yolu ilə bitirəcək. O, Yəmənə xüsusi elçi olaraq diplomat Timoti Lenderkinqı təyin edəcəyini bildirib.
Səudiyyə Ərəbistanı Yəməndə əraziləri ələ keçirən və Səudiyyə Ərəbistanının sərhədyanı ərazilərini raket hücumlarına məruz qoyan Husi qruplaşmasına qarşı hücuma keçib. Ər-Riyadın həyata keçirdiyi hava hücumları zamanı çox sayda mülki vətəndaş ölüb, sağ qalanlar isə onlara qarşı istifadə olunan silahların ABŞ-da istehsal olunduğuna dair dəlillər göstərib.
Yeni prezident Trampın çıxarmağı təklif etdiyi ABŞ əsgərlərini Almaniyada saxlayacağını bildirib. O, ABŞ-ın dünyanın problemli nöqtələrindən qəbul edəcəyi qaçqın sayını Trampın 18 minə endirəcəyini deməsinin əksinə olaraq, hər il 125 minə qədər artıracağını deyib.
“Son iki həftə ərzində bir çox yaxın dostlarımızla Trampın zəiflətdiyi əməkdaşlıq və demokratik islahatların bərpasına başlamaq üşün Kanada, Meksika, Britaniya, Almaniya, Fransa, NATO, Yaponiya, Cənubi Koreya və Avstraliyanın liderləri ilə danışmışam“, Bayden deyib.