Bəxtiyar Hacıyev: Hillari Klinton 2008-ci ildən fərqli olaraq bu dəfə seçkinin favoritidir

Your browser doesn’t support HTML5

ABŞ prezidentliyinə ilk qadın namizəd olacaq Hillari Klinton Ağ Ev uğrunda mübarizəyə ilk dəfə 2008-ci ildə başlamışdı. İctimai Siyasət İnstitutunun direktoru Bəxtiyar Hacıyev 2008-ci ildə Hillari Klintonun siyasi kampaniyasında könüllü kimi çalışıb. Bəxtiyar Hacıyevin Hillari Klintonla təkbətək görüşü Amerikada deyil, xanım Klintonun artıq ABŞ Dövlət katibi kimi Azərbaycana səfər etdiyi zaman baş tutub. Amerikanın o zaman baş diplomatı həbsdən yenicə azad edilmiş ictimai fəalla görüşüb, onunla söhbət edib. Bəxtiyar Hacıyev Amerikanın Səsinin "Amerika icmalı" proqramında Klintonun kampaniyası və onunla görüşləri haqda danışıb.

Hillari Klinton iyunun 7-i ABŞ-ın altı ştatında praymerilərdən sonra Amerika tarixində əsas siyasi partiyadan prezidentliyə namizəd irəli sürüləcək ilk qadın olmasını tarixi bir mərhələə adlandırdı. Bəxtiyar Hacıyev bunun gözlənilməz olmadığını deyib. “Əslində bu, gözlənilən idi. Amma mən bunu daha əvvəl mart-aprel aylarında gözləyirdim. Onun rəqibi Berni Sanders uğurlu kampaniya apardı. Bu xəbər gözlənilən olsa da, artıq iyun ayında dəqiqləşdi.”

"Xanım Klinton dedi ki, “təqdimata heç bir ehtiyac yoxdur, mən səni müdafiə etmiş şəxs kimi səni kifayət qədər yaxşı tanıyıram, yaxşı olar ki, bəzi məsələləri müzakirəyə başlayaq.”

Bəxtiyar Hacıyev Hillari Klintonun 2008-ci ildəki kampaniyası ilə bu ilki seçki kampaniyası arasında fərqli cəhətlərdən danışıb. “Birinci fərq ondan ibarət idi ki, 2008-ci ildə kifayət qədər güclü rəqiblər var idi və bir çoxları Hillari Klintonu və yaxud Co Baydeni, ya da Con Edvardsı favorit kimi göstərirdi və demək olar heç kim Barak Obamanı, gənc senatoru favorit namizədlər arasında göstərmirdi. Amma ilk seçkidə, Ayova ştatında keçirilən seçkilərdə Barak Obama bütün amerikalı seçiciləri təəccübləndirməyi bacardı və seçkinin startını sıfırladı və ondan sonra əsl rəqabət başladı. Güclü rəqabət seçki kampaniyasının sonuna qədər Hillari Klinton və Barak Obama arasında getdi.”

Bəxtiyar Hacıyevin sözlərinə görə, 2008-ci ildə Barak Obama nominasiya aldığı halda buna nail olmuş ilk qaradərili namizəd, Hillari Klinton isə ilk qadın namizəd olacaqdı. “Lakin mənim şəxsi müşahidələrim onu göstərirdi ki, amerikalılar iki ailənin Amerikanı bir-birinin ardınca idarə etməsindən bezmişdilər və onu istəmirdilər. Yəni əvvəlcə ata Buşun, sonra ər Klintonun və ondan sonra da oğul Buşun prezident olması. Və əgər Hillari Klinton seçilsəydi artıq təxminən 20 il müddətində iki ailənin prezidentliyi olası idi və mən buna qarşı bir müqavimət hiss edirdim.”

Bəxtiyar Hacıyevin sözlərinə əsasən, Hillari Klinton həmin dövrdə bütün göstəricilərə görə geridə qalan namizəd idisə, bu seçki kampaniyasında o öndə gedən namizəd oldu.

Bəxtiyar Hacıyev Hillari Klintonla 2008-ci ildə könüllülərin ümumi görüşündən sonra 2012-ci ildə Bakıda həbsdən azad edildikdən sonra keçən ilk təkbətək görüşü xatırlayıb. “2012-ci ildə mən həbsdən azad edildikdən iki gün sonra Bakıda təkbətək görüşümüz olmuşdu. Mən düşündüm ki, mənim 2008- ci ildə Hillari Klintonun kampaniyasında könüllü olduğumu qeyd etmək lazımdır. Mən özümü təqdim etməyə başlayanda, o məqama çatanda xanım Klinton dedi ki, “təqdimata heç bir ehtiyac yoxdur, mən səni müdafiə etmiş şəxs kimi səni kifayət qədər yaxşı tanıyıram, yaxşı olar ki, bəzi məsələləri müzakirəyə başlayaq.”

Bəxtiyar Haciyev 2012-ci ildə həbsdən azad edildikdən sonra o zaman ABŞ Dövlət katibi Hillari Klintonla görüş zamanı

İctimai fəal xanım Klintonla ərəb ölkələrində baş vermiş proseslər, demokratik cəmiyyətlərdə rikslər, avtoritar rejimlərdə bu risklərin sabitlik adı ilə boğulması və siyasi məhbusların müdafiə məsələləri ətrafında müzakirələr apardığını deyib. “O mənim məsələlərə yanaşmamı soruşdu və sonda qeyd elədi ki, mən bütün yanaşmalarla razıyam və şadam ki, “oxşar yanaşmalarımız var və hiss edirəm ki, analizləriniz, siyasi proseslərə qiymət verməniz kifayət qədər doğru qiymətdir və buna görə ümid edirəm ki, gələcəkdə sizinlə hər şey yaxşı olacaq.”

Bəxtiyar Hacıyev deyib ki, bu gün Hillari Klintonla görüşmək imkanı olsa idi, onunla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Birləşmiş Ştatların rolunun artırılması məsələsini müzakirə etmək istərdi. “Mənə elə gəlir ki, hər bir azərbaycanlı xanım Klinton kimi, yəni onun miqyasında bir şəxslə görüşsə, birinci növbədə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün və Azərbaycanın qonşuları ilə sülh şəraitində yaşaya bilməsi üçün Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Amerikanın daha aktiv fəaliyyət göstərməsi barədə danışardı. Eyni zamanda, Azərbaycanın təkcə Ermənistan yox, həm də digər qonşularından gələ biləcək təhdidlərdən xilas etmək üçün Azərbaycanın öz müstəqilliyini qoruya bilməsi üçün və Avropanın inkişaf etmiş ölkələrinə, həmin kluba üzv olması üçün Amerikanın göstərə biləcəyi dəstəkdən danışardım.”