Kataloniyanın paytaxtı Barselona küçələrində üçüncü gündür etirazlar davam edir.
Cümə axşamı günü bölgənin müstəqilliyinin tərəfdarları polisə turşu və molotov kokteyli atmağa, zibil qutuları və barrikadaları yandırmağa başlayıblar. Şahidlərin sözlərinə görə, bəzi hallarda asayiş keşikçiləri rezin güllələrdən istifadə etməli olublar.
Aksiyalar İspaniya Ali Məhkəməsinin Kataloniya separatçılarının 9 liderinə 9 ildən 13 ilə qədər həbs cəzası hökmünə etiraz olaraq keçirilir. On minlərlə nümayişçi Barselona və bölgədəki digər şəhərlərdə məhkəmənin ədalətsiz qərarına narazılıqlarını bildirir.
Mitinqlər dinc şəkildə başlayır, lakin gecəyə yaxın ayrı-ayrı separatçı qruplar polislə toqquşur. Təkcə çərşənbə günü Kataloniyanın müxtəlif şəhərlərində 52 nəfər təcili tibbi yardım üçün müraciət edib.
Generalitet Prezidenti Kim Torra, Ali Məhkəmənin hökmünü ədalətsiz adlandırıb, ancaq zorakılıqlara son qoymağa çağırıb.
"Sizi sülh və əmin-amanlığa çağırıram. Müstəqillik uğrunda mübarizəmiz dinc olmalıdır. Həmişə şiddəti pisləmişik. Şəhərlərimizin küçələrində baş verənlərin davam etməsinə imkan verə bilmərik", Kim Torra deyib.
Paytaxt Madriddə də bir neçə yüz adam etiraz aksiyasında iştirak edib. Onlar əllərində məhkum edilmiş kataloniyalıların şəkillərini tutublar, onların sərbəst buraxılmalarını və müstəqillik haqqında ümumxalq referendumun keçirilməsini tələb ediblər.