Barak Obama ənənəvi illik müraciətində iqtisadiyyata üstünlük verdi

ABŞ prezidenti Barak Obama Konqres qarşısında illik müraciətini edib. Ənənəvi çıxışında o, hakimiyyətdə olduğu ilk 4 ildə inkişaf əldə olunduğunu, müharibələr dövrünün bitdiyini, iqtisadi durğunluğun geridə qaldığını bildirib.

Cənab Obama Amerikanın son bir ildəki siyasi, sosial və iqtisadi inkişaflarına nəzər salaraq, diqqətini əsasən ölkənin iqtisadi problemlərinə yönəldib.

6 milyon yeni iş yeri açıldığını, əmlak bazarlarının yaxşılaşdığını, birjaların yenidən özünə gəldiyini, xəstələr və ev sahiblərinin gündən-günə inamının artdığını dilə gətirən preziden Obama deyib: "Bizim nəslin borcu böyüyən orta sinfi yenidən alovlandırmaqdır".

"Amerika xalqı bütün problemlərin dövlət tərəfindən həll edilməsini gözləmir. Onlar Konqresdə də hər bir məsələdə eyni fikirdə olmağımızı gözləmirlər. Amma xalq milli maraqları partiya maraqlarında üstün tutmağımızı gözləyir" - deyə cənab Obama bildirib.

Gələn ay Konqresdə keçiriləcək büdcə müzakirələrində razılıq əldə olunmasa, federal hökumətin xərclərə dair tətbiq edəcəyi avtomatik ixtisarlara toxunan Barak Obama bunun mənfi münasibətini ifadə edib.

Cənab Obama müdafiə büdcəsindəki ixtisarların qarşısını almaq üçün təhsil, sosial təminat və yaşlıların səhiyyə sığortasının ixtisarlara məruz qalmasını daha da pis təşəbbüs kimi qiymətləndirib.

Amerika iqtisadiyyatının dirçəlməsi üçün büdcə defisitinin 4 trilyon dollar azaldılması hədəfinə toxunan prezident Konqresin bu yaxınlarda qəbul etdiyi federal hökumət xərcləri və vergi artımları ilə büdcə defisitinin 2.5 trilyon dollar azaldılması planının qüvvəyə minəcəyini qeyd edib.

Barak Obamanın sözlərinə görə, lazımsız xərcləri ixtisar edib, gələcəyə ağıllı investisiya yatıran büdcə qəbul olunmalıdır.

ABŞ dövlət başçısı digər daxili məsələlərdən də danışıb. Bunlar arasında yeni iş yerlərinin yaradılması, baxça, təhsil sistemlərinin təkmilləşdirilməsi, ABŞ-ın bizneslər üçün dünyada birinci yerdə olması, son zamanlar tez-tez baş verən silah zorakılıqları barədə Konqresdə silahlara nəzarətə dair müzakirələr keçirilməsi yer alıb.

Xarici siyasətdən danışan ABŞ prezidenti deyib ki, İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün Amerika və müttəfiqləri əlində gələni edəcək. Suriya məsələsinə gəldikdə o, öz xalqına qarşı qanlı addımlar atan hökumətə qarşı təzyiqləri davam etdirəcəyini bildirsə də, hərbi müdaxilədən söhbət açmayıb.

Barak Obama habelə gələn ay Yaxın Şərqə səfər edəcəyini açıqlayaraq, səfəri çərçivəsində İsrailə də gedəcəyini deyib və İsrailin təhlükəsizliyi üçün bu ölkəni həmişə dəstəkləyəcəklərini bildirib. Qeyd edək ki, birinci prezidentliyi dövrü İsrailə səfər etmədiyi üçün Barak Obama seçki kampaniyası dövrü Respublikaçıların tənqidləri ilə üzləşmişdi.

ABŞ prezidenti gələn ilin sonunadək 34 min əsgərin Əfqanıstanda geri dönəcəyini bir daha dilə gətirib.

Nitqinin sonunda Barak Obama deyib ki, tutduğu vəzifədən asılı olmayaraq hamı bilməlidir ki, "Biz vətəndaşıq!".