Bəşar Əl-Əsəd hökumətin Hula qırğını ilə əlaqəsi olduğunu inkar edib

  • Amerikanın səsi

Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətin Hula qırğını ilə əlaqəsi olduğunu inkar edib. O deyib ki, Suriya hazırda onu dağıtmağa çalışan sui-qəsd altındadır. Prezident terrorçuların ölkəni müharibə sürüklədiyini və təhlükəsizliyin qorunması üçün kompromizə yol verilməyəcəyini bildirib.

Bəşar Əl-Əsəd ölkə daxilindəki vəziyyətə görə xaricdən dəstək alan ekstremistləri günahlandırıb. Suriyanın Milli Şurası prezidentin çıxışını "ümidsiz və ağılsız" adlandırıb.

Ötən ay Hula şəhərində yarısı uşaq olmaqla, 100-dən artıq insan qətlə yetirilmişdi.

Dünən Ərəb Liqasının liderləri Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı təzyiqlərin artırılması yollarını müzakirə edib. Doha görüşü zamanı BMT və Liqanın Suriya üzrə nümayəndəsi Kofi Annanla müzakirələr keçirib. Annan Suriya liderini atəşkəs razılığına riayiət edilməsi yolunda təcili addımlar atmağa çağırıb. Kofi Annan ölkədə böhranın dərinləşəcəyi barədə xəbərdarlıqla çıxış edib.

Ərəb Liqası Suriyadakı BMT müşahidəçilərin sülhməramlılarla əvəz edilməsinə çağırıb.