Bağdad-Bakı-Bağdad təyyarə marşrutu açılıb

İraq Hava Yollarının təyyarəsi

“İraq Hava Yolları” aviaşirkəti sentyabrın 22-dən etibarən Bağdad-Bakı-Bağdad marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirəcək.

AZƏRTAC agentliyi “İraq Hava Yolları”na istinadən bildirilir ki, ilk 4 reys üzrə biletlərin qiyməti 250 dollar civarında olacaq.

İraqın nəqliyyat naziri Baqir əz-Zubeydinin tapşırığına əsasən “İraq Hava Yolları” sentyabrın 22-dən həftədə bir gün olmaqla, çərşənbə axşamı Bağdad-Bakı-Bağdad marşrutu üzrə uçuşlar reallaşdıracaq.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən “İraq Hava Yollarına” Bağdad-Bakı-Bağdad marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və slotlar (təyyarələrin havaya qalxması və yerə enməsi üçün ayrılan vaxt intervalı) təsdiq edilib.

Həmçinin qeyd olunub ki, “İraq Hava Yollarına” Nəcəf-Bakı-Nəcəf marşrutu üzrə uçuşların reallaşdırılması ilə bağlı da icazə verilib.