Banqladeşdə iki qayığın toqquşması nəticəsində onlarla insan həyatını itirib

Banqladeş polisinin mayın 3-də bildirdiyinə görə, ölkənin mərkəzi bölgəsində iki qayığın toqquşması nəticəsində azı 25 nəfər ölüb.

"Beş nəfəri xilas etdik və 25 cəsədi çıxardıq" - deyə, yerli polis rəisi Miraz Hüseyin Frans Press Agentliyinə verdiyi açıqlamasında bildirib.

Azı 30 sərnişin daşıyan dolu qayıqla qum daşıyan gəmi Şibçar şəhəri yaxınlığındakı Padma çayında toqquşub.

Yanğınsöndürmə xidməti rəsmiləri və yerli sakinlər xilasetmə əməliyyatlarını davam etdirir. Yerli polis işçisi daha çox insanın itkin düşdüyünü bildirib.

Dəniz qəzaları yüzlərlə çayın keçdiyi deltada yerləşən Banqladeşdə adi haldır.

Ekspertlər qəzaların çoxunun səbəbini xidmət və gəmiqayırma zavodlarında təhlükəsizlik normalarının zəif olması, eləcə də qayıqlara həddən artıq çox sərnişinin olması ilə izah edir.

Qum daşıyan gəmilər suda dayazlıqda olduqları üçün pis hava şəraitində, xüsusilə də işıq zəif olduqda onları görmək çətin olur.

Aprelin əvvəlində koronavirus məhdidiyyətlərinin tətbiq edilməsindən az əvvəl mərkəzi Narayanqanc şəhərindən evlərinə qayıtmağa tələsən təxminən 50 sərnişinlə dolu bir bərənin daha böyük bir yük gəmisi ilə toqquşması nəticəsində 30-dan çox insan həyatını itirib.

Keçən ilin iyun ayında Dakkada bir bərənin başqa bir bərəni arxadan vurması nəticəsində bərə batmış, azı 32 nəfər ölmüşdü.

2015-ci ilin fevral ayında sərnişinlərlə dolu bir gəminin yük gəmisi ilə toqquşması nəticəsində isə azı 78 nəfər həyatını itirmişdi.