Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verib

Azərbaycan Konstitusiya Məhkəməsi (KM) qərara alıb ki, 2015-ci il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı an üçün mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da KM kreditin götürüldüyü məzənnə ilə qaytarılması ilə bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib.

Borclular üçün yeganə təsəlliverici məqam odur ki, KM banklara tövsiyə edib ki, mümkün olduğu halda kreditlərin qaytarılması müddətini uzatsın. KM-in xarici valyuta ilə kreditlər üzrə qərarı mayın 14-də açıqlanıb. Lakin məhkəmənin saytında bu qərar dərc edilməyib.

Məlum olduğu ki, Azərbaycan Mərkəzi Bankı (AMB) manatın dollara nisbətdə məzənnəsini 1,05 manat səviyyəsində müəyyən edib və bu qərarla da bir sutka ərzində manat dollara nisbətən 33,5% ucuzlaşıb.

Həmin ərəfədə isə ölkə prezidenti, AMB-nin sədri və digər rəsmi şəxslər vətəndaşları və xarici investorları manatın sabit olacağına inandırırdılar.

Reallıqda dollarla kredit götürənlər ciddi zərərlə üzləşiblər. Çünki onlar əldə olunan məbləğdən 33,5%-ni əlavə olaraq banka ödəməlidirlər. Manatın devalvasiyasına qədər məzənnə 0,7862 manat/$1 olub. 2014-cü ildə Azərbaycanda xarici valyuta ilə 5,037 mlrd. manat həcmində kredit verilib.

Milli Məclisin deputatı, keçmiş baş nazir Əli Məsimov Konstitusiya Məhkəməsinin qərarını Moderator.az saytına şərh edərkən bildirib ki, manatın 21 fevral devalvasiyasından sonra yaranmış yeni situasiya iqtisadiyyatı həm bilavasitə istehsalla bağlı olan, həm maliyyə, həm də sosial sektorda yaratdığı yeni problemlər obyektiv təhlil edilməli, real sektorun rəqabət qabiliyyətli hərtərəfli inkişafı, maliiyə sektorunun, onun mühüm tərkib hissəsi olan bank sektorunun sağlamlaşdırılması, sosial proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılması istiqamətində qısa, orta və uzun müddətdə səmərə verə bilən tədbirlərin effektiv kombinasiyasından ibarət bir proqram hazırlanıb həyata keçirilməlidir.

“Konstitusiya Məhkəməsinin bankların xeyrinə çıxardığı qərar dollarla verilmiş kreditlərlə bağlı mübahisəyə hüquq müstəvisindən nöqtə qoysa da, digər müstəvilərdə mövcud olan və törəmə problemləri də həll etməkdən ötrü əlavə işlərin görülməsinə ehtiyac var. Yəni Konstitusiya Məhkəməsinin bankların xeyrinə çıxardığı qərar bir müddətdən sonra vəziyyəti bir qədər də mürəkkəbləşdirməməsindən və bank sektorundakı problemlərin həllinə real kömək göstərməsindən ötrü Mərkəzi Bank manatın 21 fevral devalvasiyasından sonra yaranmış yeni situasiyanı nəzərə alaraq pul-kredit siyasətini yenidən qurmalı, bank sistemindəki inhisarçılıq meyllərinin aradan qaldırılmasına, bank sektorunda sağlam rəqabət mühitinin formalaşmasına təsir göstərməli, bu işi stimullaşdırmalı, risk amilini bəhanə gətirərək tətbiq olunan soyğuncu xarakter daşıyan yüksək faiz dərəcələrini saxlamağa yardımçı rolundan, faiz dərəcələrinin aşağı salınmasına real yardımçı olmaq missisiyasını həyata keçirməyə başlamalı, kommersiya banklarını ucuz resursla təmin etmək işində səylərini artırmalı və həm də dolayısı yolla bu işə əlavə dəstək verməlidir. Azərbaycanın qeyd etdiyimiz səpkidə bir proqramın həyata keçirilməsinə bütün parametrlər üzrə yetərincə və bəlkə də artıqlaması ilə potensialı var və həmin potensialdan sadəcə prioriteti dəyişib, dövlət və cəmiyyət maraqlarına uyğun səmərəli istifadə edilməlidir"-deyə Əli Məsimov qeyd edib.