Kredit faizləri hələ də ikirəqəmlidir
Azərbaycanda bank kredit faizlərinin yüksək olduğu uzun illərdir danışılan mövzulardandır.
Azərbaycan Mərkəzi Bankı iyunun 18-də uçot dərəcəsinin 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5.75 faiz, yuxarı həddi isə 6.75 faiz səviyyəsində saxlanılıb. Amma buna baxmayaraq, banklarda kredit faizləri ikirəqəmlidir.
Bəzi kommersiya bankları istehlak və digər növ kreditlərin faizlərini aşağı saldıqlarını söyləsələr də, onların saytlarındakı mənzərə fərqlidir - kredit faizlərinin 19-25 faiz arasında dəyişdiyi görünür. Müqayisə üçün Türkiyədə istehlak kredit faizləri illik 1.5, Almaniyada - 1.9, ABŞ-da - 3.25 faizdir, Rusiyada isə 6-9 faiz arasında dəyişir.
Azərbaycanda kredit faizləri niyə yüksəkdir
Mərkəzi Bankdan "Turan"a deyilir ki, monetar və makroprudensial stimullar, eləcə də dövlətin güzəştli proqramları kredit aktivliyini dəstəkləyir: "Aktivliyin artması nəticəsində 5 ayda bank sistemi üzrə kredit portfeli 3.8 faiz, o cümlədən biznes kreditləri 2.4 faiz artıb".
Qurumdan qeyd olunur ki, bu dövrdə tikinti və bir sıra real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri də 7.2 faiz çoxalıb: "İstehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri də 5.1 faiz artıb, amma bu artım pandemiyadan öncəki səviyyəni bərpa etməyib".
Mərkəzi Bankdan deyilir ki, maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir: "Ötən iclasdan sonra dövlət qiymətli kağızlarının gəlirliliyi azalıb, depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik baş verməyib. Kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir".
Qurumdan həmçinin bildirilir ki, 2018-ci ildən başlayaraq mərhələlərlə 15 faizdən 6.25 faizə endirilən uçot dərəcəsi bank faizlərinə təsir göstərən faktorlardan yalnız biridir: "Digər amillərə kredit riskləri, iqtisadiyyatın durumu, depozit faizləri aiddir. Kommersiya banklarının fəaliyyətini qanun çərçivəsində müstəqil təşkil etmək, faiz dərəcələrini formalaşdırmaq hüquqları var".
Banklar istehlak krediti verməkdə maraqlıdır
Kommersiya banklarının bəzilərinin "Turan"a söylədiklərinə görə, daha çox istehlak kreditlərinin verilməsində maraqlıdırlar: "Burada risk az, ödəniş müddəti isə qısadır. Mərkəzi Bankın uçot dərəcəsi yüksəkdir. Banklar öz əməliyyat xərclərini da onun üstünə əlavə edəndən, riskləri sığortlayandan sonra gördüyünüz faiz dərəcəsi ortaya çıxır".
"Azərbaycanda banklar ağır zəhmətə qatlaşmaq istəmirlər"
İqtisadçı Nemət Əliyev Azərbaycanda kredit faizlərinin yüksək olmasının iki vacib səbəbi olduğunu deyir: "Onlardan biri odur ki, Azərbaycanda bank sistemi yüksək faizlərlə pul qazanmağa öyrəşib. Hətta Azərbaycana milyardlarla vəsait axdığı dövrdə də banklar kreditləri yüksək faizlərlə təklif edərək qaz vurub qazan doldururdular. Banklar bu gün də bu siyasəti davam etdirir".
Ekspert bildirir ki, dünyada banklar, bir qayda olaraq, kredit dövriyyəsinin artması və əlavə investisiyalar hesabına qazanc əldə etdiklərinə görə kredit faizlərinin aşağı düşməsinə maraq göstərirlər: "Azərbaycanda isə banklar ağır zəhmətə qatlaşmaq istəmirlər və ciblərini yüksək faizlərdən gələn pulla doldururlar. Onlar öz vəsaitlərini investisiya etmirlər, kredit dövriyyəsini artıra bilmirlər".
N.Əliyevin sözlərinə görə, bunun da ayrıca səbəbləri var: "Nisbətən sabit iqtisadi dövr olan 2014-cü illə müqayisədə bugünkü kredit qoyuluşlarının həcmi 15 milyard dollar azalıb, yəni, 24 milyard dollardan 9 milyard dollara düşüb. Belə olan halda banklar əhəmiyyətli dərəcədə gəlirlərdən məhrum olublar. O dərəcədə gəlir itirən bankların başqa sahələrə investisiya etmək imkanı yoxdur. O zaman onlar kredit dərəcəsini qaldırırlar".
Ekspertin fikrincə, Azərbaycanda bugünkü vəziyyət bundan sonrakı dövrdə kredit faizlərinin artmasını şərtləndirir.