Bakının mərkəzində Tofiq Yaqubluya dəstək aksiyası keçirilib, çoxsaylı etirazçı saxlanılıb

Tofiq Yaqublunun həbsinə etiraz aksiyası

Saxlanılanlar arasında həbs olunan Tofiq Yaqublunun qızı Nigar Həzi də var

Bakının mərkəzi küçələrindən birində bir qrup müxalif və ictimai fəal Tofiq Yaqublunun həbsinə etiraz olaraq aksiya keçirib. Polis aksiyaya müdaxilə edib, onlarla etirazçı saxlanılıb.

Sosial şəbəkələr vasitəsilə aksiya saat 15:00-da Konstitusiya Məhkəməsi binasının qarşısında təyin edilmişdi. Lakin o vaxta qədər KM-in binasına girişlər gücləndirilmiş polis dəstələri və DİN çevik alayının qüvvələri tərəfindən bağlanıb.

Bakıda Tofiq Yaqubluya dəstək aksiyası keçirilib

Bununla əlaqədar etirazçılar Azərbaycan prospektində “Monolit” binasının qarşısında toplaşmağa qərar veriblər. Amma polis “Tofiq Yaqubluya azadlıq!” şüarını səsləndirənləri və ya geyimində onun təsviri olan şəxsləri dərhal saxlayıb.

Saxlanılanlar avtobusa və post-patrul maşınlarına oturdularaq aparılıblar.

Aksiyada saxlanılanlar arasında Tofiq Yaqublunun qızı Nigar Həzi, ictimai fəallardan Gülnarə Mehdiyeva, Bəxtiyar Hacıyev, Ülvi Həsənli, Rəbiyyə Məmmədova, Mətanət Məhmərzayeva, reportyor Fatimə Mövlamlı və digərləri var. Bir neçə jurnalsit və blogerin saxlanıldığı da bildirilir.

Bəxtiyar Hacıyev saxlanılanların Səbail rayon Polis İdarəsinə apaırldıqlarını bildirib.

Polis jurnalistləri ərazidən uzaqlaşdırdığı zaman bir qrup reportyor “Mətbuata toxunma!”, "Azad media susdurula bilməz!" şüarları səsləndirərək etirazını bildirib.

Tofiq Yaqublunun həbsinə etiraz edilib

Bakı Şəhər Baş Polis İdarəsindən aksiyaya reaksiya

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

"Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd etmişdir.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınmış, iştirakçılar ərazidən uzaqlaşdırılmışlar.

Saxlanılan və ya həbs edilən olmamışdır" - deyə rəsmi məlumatda deyilir.

Tofiq Yaqublunun həbsinə etiraz aksiyası keçirilib

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Penitensiar Xidmətdən vəkilin dediklərinə münasibət almaq mümkün olmayıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub.

Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirib.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.