Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festivalı keçirilir

Your browser doesn’t support HTML5

“Nizami Gəncəvi İli” çərçivəsində Bakıda, Nizami Gəncəvi adına Ədəbiyyat muzeyinin fasadında "İşıq festivalı Nizami Gəncəvi” adlı audiovizual layihə həyata keçirilir.

Festival cəmiyyətdə Nizami Gəncəvinin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə ərsəyə gəlib.

Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlər festival çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında əks etdirilir.

Festivalın əsas məqsədlərindən biri xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Şəhər sakinləri xronometrajı altı dəqiqə olan Nizami Gəncəvinin 5 əsərinin yer aldığı “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürləri muzeyinin fasadında xüsusi formatda saat 20:00-dan 00:00-dək izləyə bilərlər.

3D audiovizual proyeksiya formatında baş tutan bu festival 14-16 oktyabr tarixlərində nümayiş etdirilir.

Oktyabrın 14-də keçirilən tədbirin açılış mərasimində bir sıra dövlət qurumlarının və Azərbaycandakı diplomatik korpusun nümayəndələri iştirak edib.