Bakıda “Gəncə işi” üzrə həbs olunanların yaxınları etiraz aksiyası keçirib

“Gəncə işi” üzrə həbs olunanların yaxınları etiraz aksiyası keçirib

Mayın 24-də “Gəncə işi” üzrə həbs olunanların yaxınları Bakıda Prezident Administrasiyasının binasının qarşısında etiraz aksiyası keçirib. Polis aksiyaya müdaxilə edib, aksiya iştirakçıları avtobusla ərazidən uzaqlaşdırılıb. Saxlanılan olmayıb.

Təqsirləndirilən şəxslərin yaxınları prezidentə və vitse-prezidentə müraciət edərək övladlarının günahsız olduğunu və azadlığa buraxılmasını tələb edib.
Aksiya iştirakçıları övladlarının fotolarını qaldırıb. Onlar “Gəncə məhbuslarına” azadlıq şüarı səsləndirdikləri zaman polislərlə qarşıdurma yaşanıb.

Dövlət ittihamçısı əvvəlki məhkəmə prosesində Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18-20 il həbs istəyib.

3 iyul 2018-ci ildə Gəncədə şəhərinin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki yüksək rütbəli polis zabiti qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.