Bakıda avqustun 5-dən xüsusi karantin rejimi yumşaldılır
Your browser doesn’t support HTML5
İyunun 21-dən tətbiq edilən xüsusi karantin rejimi avqustun 5-dən qismən yumşaldılacaq.
“Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda insanların evlərini SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur”.
Məlumatda həmçinin, bildirilir ki, avqustun 5-dən çimərliklərə getmək sərbəstdir. Ancaq bəzi qadağalar əvvəlki kimi qalır.
Xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları) aşağıdakı məhdudiyyətlər qüvvədədir.
Yenə həftəsonları ictimai nəqliyyat çalışmayacaq. Bundan əlavə, “Mall”lar da açılmayacaq:
“Ərzaq mağazaları, apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa edilməyəcək. Bura habelə, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət, muzey və sərgi zalları da aiddir. Həmçinin, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla) də bərpa olunmayacaq. Eyni zamanda, açıq havada idman yarışları və oyunları da daxil olmaqla, bütün kütləvi tədbirlər, o cümlədən, mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması davam edəcək”.
Operativ Qərargah eyni zamanda, bildirir ki, xarici ölkələrə gediş-gəliş də bərpa edilməyəcək:
“Ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış xüsusi və çarter reysləri istisna olmaqla hələlik, bərpa edilmir”.
Bütün bunlardan başqa toy və digər mərasimlərə də qadağa qalır. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinə də yenə bəlli müddətdə icazə verilməyəcək.
COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uzadılıb.