Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin taksi xidməti qiymətləri ilə bağlı fikirləri tənqidlərə səbəb olub

Taksi

“Taksi xidmətlərinin qiymətləri, demək olar avtobus qiymətlərinə bərabər olub. Taksi xidmətlərindən əvvəllər olduğu kimi imkanlı insanlar istifadə etməlidir”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsi Hikmət Babayev yerli televiziyaya müsahibəsində bildirib.

O hesab edir ki, taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil.

BNA-nın nümayəndəsinin çıxışı səhmləri dövlətə məxsus “Bakı taksi xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ölkəyə taksi kimi istifadə ediləcək Londondan yeni daha komfortlu avtomobillər gətiriməsindən süonraya təsadüf edir.

BNA nümayəndəsinin müsahibəsi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. İnsanlar BNA-nin dövlət şirkəti olaraq vətəndaşların rifahını pisləşdirmək üçün deyil, yaxşılaşdırmaq üçün çalışmalı olduğu qeyd edilən çoxlu sayda şərh yazıb.

Siyasi ekspert Ərəstun Oruclu facebook səhifəsində Hikmət Babayevin çıxışını şərh edərkən bildirib ki, nəqliyyat sisteminin hazırkı rəhbərliyinin baxışları keçmiş nəqliyyat naziri Ziya Məmmədovun nəqliyyat müfəttişlərindən heç də fərqlənmir.

“Bunlar daha qəddar, təkəbbürlüdürlər. Qaba niyyətlərini “konsepsiya” adlandırır və əhalinin kasıb təbəqəsinin sonuncu pulunu almağa çalışırlar. Brend kostyum, ayaqqabı geyinən, bahalı evlərdə yaşayan, bahalı avtomobilləri olanlar nəinki çörəyə möhtac olan adamları başa düşmür, heç onları eşitmək də istəmir, onları “qara kütlə” hesab edir,” o yazıb.

Onun fikrincə, BNA-nin konsepsiyası çarəsizlikdən taksi xidməti ilə məşğul olan minlərlə insanı işsiz qoyacaq, həmçinin bu xidmətdən istifadə edən insanları soyacaq.

İqtisadçı Samir Əliyev qeyd edib ki, Hikmət Babayevin sözləri sosial ayrıseçkilikdir. İqtisadçı hesab edir ki, BNA bu sahədə rəqabət mühiti yaratmaq, vətəndaşlar üçün münasib qiymətlər təyin etmək, keyfiyyəti artırmaq üçün çalışmalıdır.

“Bu gün qiymətlərdən hamı razıdır. Kiçik tariflərlə işləyən sürücülər sərnişindaşıma həcmlərində qazanır. BNA keyfiyyətin yaxşılaşdırılması üzərində çalışmalıdır.”

Samir Əliyevin fikrincə, BNA rəsmisinin çıxışı “Bakı taksi xidməti” Dövlət MMC-nin bazardakı mövqeyini möhkəmləndirmək məqsədi güdür.

“Digər tərəfdən BNA avtobusların tariflərini də artırmaq istəyir və avtobuslarda gediş haqqının taksidən baha olacağından qorxur.”

Çoxsaylı cəhdlərə baxmayaraq, BNA-dan münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanda çoxsaylı özəl və beynəlxalq şirkət taksi xidməti ilə məşğul olur. Ekspeertlər hesab edir ki, bazarda rəqəbət mühiti var və bu səbəbdən son illərdə taksi xidmətlərinin qiymətləri 50 faizdən çox ucuzlaşıb.