Bakıda Avropa günü

Şənbə günü, səhər tezdən İçərişəhərdə Avropa ölkələrinin bayraqları əldən-ələ düşmürdü. Gənclər bayraqları sevə-sevə paylayırdılar, uşaqlar sevincək bu bayraqları toplayırdılar.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard tədbirin açılışındakı çıxışında dedi ki, bugünkü tədbir Avropaya bir pəncərə, Avropa ölkələrinin zəngin və müxtəlif mədəniyyəti ilə tanışlıq imkanıdır: «Biz bunları azərbaycanlı dostlarımızla paylaşmaqdan şadıq».

Avropa Birliyi ölkələrinin İçərişəhərdə qurulmuş çadırları isə qonaq-qaralı idi, müsafirlə aşıb-daşırdı. Novruz bayramında olduğu kimi, Qoşa Qala qapısı meydanında yenə hay-küy, çal-çağır idi.

SUALA CAVAB VER, AVROPAYA «PASPORT» QAZAN

Hər ölkənin çadırına girməmişdən əvvəl gələnlərə Avropa Birliyi ölkələrinin rəmzi pasportları verilirdi. Sonra bu pasportla çadırlara girəndə həmin ölkəyə aid sualları cavablandırandan sonra möhür vurulurdu. Suallar çətin deyildi. Həmin ölkənin paytaxtını soruşurdular, uzaqbaşı nə qədər əhalisi olduğunu. Pasportu möhürlə dolduran hədiyyə qazanırdı.

Çoxu da düz cavab verirdi. Əlində rəmzi pasportu tutanlar arasında 70 yaşlı Firuzə nənə də vardı. Elə bilirdi ki, əlindəki pasport həqiqidir: «Sualların hamısına cavab verəndən sonra Firuzə nənə də Avropaya gedəcək, avropalı olacaq», - deyirdi.

NİDERLANDIN ƏHALİSİ NƏ QƏDƏRDİR?

Hədiyyəli yarışlar meydanın başında qurulmuş səhnədən də davam edirdi. Aparıcı Avropa ölkələrinin sərhədləri, mətbəxi, mədəniyyəti haqqında suallar verdikcə, yerdən cavablar yağırdı. İlk cavab verən hədiyyə qazanırdı. Qadınlar çox asanlıqla yunan salatına qatılan pendirin adı, məktəblilər, gənclər Çexiyanın İtaliya ilə sərhədinin olub-olmaması, eləcə də ölkələrin paytaxtları haqqında suallara doğru cavab verirdilər. Niderlandın əhalisinin sayı haqqında isə hamı kütləvi şəkildə baş sındırırdı. 16 milyon deyən də vardı, 17 milyon deyən də. Nəhayət yaşlı bir kişi düz cavabı dedi: 16 milyon 900 min.

Gənc sehrbazın şousu, üz boyamaları, şarlar, şirniyyatlar isə uşaqların çox xoşuna gəlmişdi. İspan aşpazlar isə elə meydanda bişirdikləri yeməyə hamını qonaq eləməyə çalışırdılar.

Bu gün Bakıda hava günəşli idi. Ancaq əməlli-başlı Avropa ruzigarı əsirdi.

«Avropa şəhərciyi» tədbiri Bakıda artıq 3 ildir keçirilir.