Bakının azad edilməsinin 93-cü ildönümü qeyd edilir

Bakının azad edilməsinin 93-cü ildönümü qeyd edilir

Bakının azad edilməsi uğrunda döyüşlərdə min nəfər türk əsgər və zabiti, beş min yerli əhali həlak olub.

Bakının ingilis, eser, bolşevik-daşnak hərbi birləşmələrindən azad edilməsindən 93 il ötür. Bu gün Azərbaycan ictimaiyyəti, ictimai-siyasi təşkilatlar, Türkiyənin Bakıdakı səfirliyi Şəhidlər Xiyabanını və Türk şəhidliklərini ziyarət edir.
1918-ci il sentyabrın 15-də Nuru Paşanaın komandanlıq etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusu Bakını işğaldan azad edib. Belə ki, Qafqaz İslam Ordusu 1918-ci ilin iyununda başlanan döyüşlərdə bolşevik-daşnak qüvvələrini darmadağın edib və Bakının azad edilməsi əməliyyatlarına başlanıb. Sentyabrın 15-də Bakı şəhəri azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən paytaxta köçüb. Qafqaz İslam Ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizləyib, hökumətin təhlükəsiz işləməsi üçün şərait yaradıb. Bakının azad edilməsi ilə əlaqədar olaraq Türkiyənin hərbi naziri Ənvər Paşanın Xəlil Paşa və Nuru Paşaya göndərdiyi teleqramda deyilir: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük bir sevinc və məmnunluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaq. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”. Bakının azad edilməsi uğrunda müxtəlif düşmən qüvvələrin birləşmiş qoşun hissələri ilə vuruşlarda min nəfər türk əsgər və zabiti, beş min yerli əhali həlak olub.
Bakıda hakimiyyət Azərbaycan Demokratik Respublikasına verilsə də Qarabağda daşnak təhlükəsi davam etməkdə idi. Bu bölgədə xalq hakimiyyətinin mövqeyini möhkəmləndirmək üçün Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərilib. Orduya yerində rəhbərlik etmək üçün Nuru Paşa Ağdama gedib. Onun komandanlıq etdiyi ordu Şuşaya daxil olub və Azərbaycanın bayrağını qaldırıb.