Yanvarın 21-də Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Your browser doesn’t support HTML5
Bəxtiyar Hacıyev dekabrın 9-da həbs olunanda onun barəsində ilkin istintaq dövrü üçün 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilmişdi. Vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib ki, istintaq bu müddətdə istintaqın başa çatmadığını əsas gətirərək, həbs qətimkan tədbirinin müddətinin daha 1 ay uzadılması haqda məhkəməyə təqdimat verib:
“Gözlənildiyi kimi Bəxtiyarın həbs müddəti uzadıldı. Qanunvericilik çərçivəsində nə mümkündürsə onu müdafiə etməyə davam edirik”.
Vəkillərin sözlərinə görə, ictimai fəal yanvarın 9-dan başladığı aclığı davam etdirir. Onun səhhətində ciddi problemlər yaranıb, buna baxmayaraq, o, aclığı dayandırmaq niyyətində deyil.
Xətai Rayon Məhkəməsində keçirilən iclasda həbs qətimkan tədbirinin davamı ilə bağlı təqdimat təmin edilib. Qərara əsasən, Bəxtiyar Hacıyevin həbs müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılıb.
Vəkil Nemət Kərimli bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.
“Bəxtiyar birmənalı şəkildə həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir. O qeyd etdi ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərib. O, hakimin Avropada insan hüquqları üzrə təhsil aldığına vurğu etdi və oxuduqlarına hörmət etməyə, düzgün qərar qəbul etməyə tövsiyə etdi. Lakin məhkəmə vəsatətimizi təmin etmədi”, deyə, Kərimli bildirib.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.
Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.
"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq," o qeyd edib.