Bakıda son 110 ilin ən aşağı temperaturu qeydə alınıb

Bakıda son 110 ilin ən aşağı temperaturu qeydə alınıb

Havanın temperaturu fevralın 9-da gecə 8-13, gündüz 0-3 dərəcə şaxta olacaq, axşama yaxın külək yenidən güclənəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 8-də son 110 ildə ən aşağı temperatur, 11 dərəcə şaxta qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumatına görə, fevralın 8-də səhər saatlarında havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta olub. Sonuncu dəfə Bakıda 1969-cu ildə 10 dərəcə şaxta qeydə alınıb.
Fevralın 8-də güclü küləkli və şaxtalı hava davam edib. Hazırda Bakıda 8-9 dərəcə şaxta var, gecə saatlarında 10 dərəcəyədək aşağı enəcək.
Fevralın 9-da Bakıda yağıntıda fasilə olacaq, şimal-qərb küləyi mülayimləşəcək. Havanın temperaturu fevralın 9-da gecə 8-13, gündüz 0-3 dərəcə şaxta olacaq, axşama yaxın külək yenidən güclənəcək.
Azərbaycanın rayonlarında da fevralın 9-da yağıntılarda qısamüddətli fasilə olacaq, temperatur gündüz aran rayonlarında 0-5 dərəcə şaxta, dağlarda isə mənfi 12 dərəcə olacaq. Yüksək dağlıq rayonlarda minimal temperatur 27 dərəcə şaxta təşkil edir.
Qeyri-adi hava şəraiti və yolların buz bağlaması ilə əlaqədar avtomobillərin hərəkəti məhduddur. Məktəblərdə dərslər qismən ləğv olunub. Küçələr boş və adamsızdır.
Hava şəraitinin kəskin pisləşməsi, çovğunla əlaqədar görüntünün kəskin azalması səbəbindən Bakı beynəlxalq hava limanı təyyarələri qəbul edə bilmir və bütün uçuşlar təxirə salınıb. Bu barədə Amerikanın Səsi radiosuna hava limanının məlumat bürosundan bildiriblər.
Bu gün London - Bakı reysi ilə uçan təyyarə Tehrana, Kazan-Bakı reysi ilə uçan təyyarə isə Mahaçqalaya enməli olub.
Havanın kəskin soyumasına və güclü küləyin əsməsinə baxmayaraq Bakının elektrik təchizatında heç bir qəza baş verməyib.
"Bakıelektrikşəbəkə" SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Amerikanın Səsi radiosuna bildirib ki, elektrik şəbəkəsi gücləndirilmiş iş rejimində işləyir. “Amma, suyun donması ilə əlaqədar “Azərenerji” Səhmdar Cəmiyyətinin Şimal DRES və Sumqayıt elektrik stansiyasının fəaliyyəti dayandığından "Azərenerji" "Bakıelektrikşəbəkə"yə enerjinin verilməsini 25 faizədək azaldıb.
Cənab Mustafayev deyib ki, tətbiq edilmiş məhdudiyyətlə əlaqədar Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarının bir sıra istehlakçılarına elektrik enerjisinin verilməsində fasilələr yaranıb. “Fasilələrin aradan qaldırılması üçün “Azərenerji” SC bütün tədbirləri həyata keçirir. Elektrik stansiyaları işə düşən kimi istehlakçıların enerjisi daimi təmin ediləcək”, - o qeyd edib.
Sinoptiklər yaxın bir neçə gündə havaların istiləşəcəyini proqnozlaşdırmır.