Bakı Sərgi Mərkəzində “BakuTel-2010” 16-cı Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb.
”İKT və qlobal iqlim dəyişikliyi” şüarı ilə keçirilən sərgidə dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edir.
Sərgidə proqram təminatı, naviqasiya sistemləri, simsiz texnologiyalar, intellektual sistemlər, müasir texnika və avadanlıq, digər yüksək texnologiyalı məhsullar nümayiş etdirilir. Sərgidə kosmik sənaye bölməsi də fəaliyyət göstərir.
Sərginin açılış mərasimində prezident İlham Əliyev iştirak edib.
BMT Baş katibi Ban Ki Munun sərgi-konfransa göndərdiyi məktubda deyilir ki, müxtəlif ölkələrin hökumətləri ilə şirkətlər arasında körpü funksiyasını yerinə yetirən və ən son texnologiyaların nümayiş olunması üçün platforma kimi çıxış edən “BakuTel” davamlı inkişaf naminə həyata keçirilən səylərdə telekommunikasiya sektorunun rolunun artırılmasına imkan yaradır. “Mən şirkət rəhbərləri və ölkə hökumətlərini İKT-dən inkişaf naminə yararlanmaq üçün yeni təkliflər hazırlamağa və “yaşıl” texnologiyalar üçün novator ideyalarla çıxış etməyə çağırıram”.
BMT regionda İKT sektorunun inkişafı üçün hökumətlər və digər tərəf-müqabillər ilə işi davam etdirir. “Əldə etdiyimiz yeni nailiyyətlər Minilliyin İnkişaf Hədəfləri istiqamətində göstərdiyimiz intensiv səylərə böyük töhfə verə bilər. Belə ki, biz bu proqram ilə bağlı beynəlxalq səviyyədə razılaşdırılmış yekun tarixə, yəni 2015-ci ilə yaxınlaşırıq”- deyə o qeyd edir.
Sərgi-konfrans noyabrın 26-dək davam edəcək.