Bakıda Bayıl yamacında sürüşmə təhlükəsi yaranıb

Bakıda Bayıl yamacında sürüşmə təhlükəsi yaranıb

Hadisə yerinə insanlar və nəqliyyat buraxılmır. Bu gün baş nazirin müavini Abid Şərifov və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov sürüşmə zonasına baxış keçirib. Ərazidə sonuncu sürüşmə 2000-ci ildə baş verib.

Bakıda Bayıl yamacında sürüşmə təhlükəsi yaranıb. Yüzlərlə metr ərazidə torpaq üzərində çatlar əmələ gəlib. Çatlar Gülüstan sarayından başlayaraq Şəhidlərin memorial kompleksi də daxil olmaqla onlarla hektar ərazini əhatə edir. Hadisə yerinə insanlar və nəqliyyat buraxılmır. Bu gün baş nazirin müavini Abid Şərifov və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov sürüşmə zonasına baxış keçirib.

Ərazidə sonuncu sürüşmə 2000-ci ildə baş verib. O zaman nəhəng torpaq kütləsi “Lukoil” yanacaqdoldurma stansiyasını uçuraraq şəhərin mərkəzi ilə Bayıl qəsəbəsi arasındakı yolu iki hissəyə ayırmışdı. Yolun və dağılmış obyektlərin bərpasına bir neçə ay vaxt sərf olunmuşdu.

Müstəqil ekspertlər indiki anda sürüşmə təhlükəsinin Bayıl yamacının aşağı yatağında tikinti işlərinin aparılmasından yarandığını bildirir. Belə ki, çatlar yaranmış ərazidən 50 metr aşağıda intensiv tikinti işləri davam etdirilir. Şəhər məhkəməsinin köhnə binasının yerində özül yeri qazılır. Həmin yerlərdə də çatlar əmələ gəlib. Lakin uzun illərdir ki, bu zonada tikinti və qazıntı işləri aparılması qadağan olunmuşdu.

Baş nazirin müavini Abid Şərifov bildirib ki, yaranmış vəziyyətlə bağlı çaxnaşma salmağa elə də ehtiyac yoxdur. “Buranın sürüşmə zonası olduğu hamıya bəllidir. 2000-ci ildə həmin ərazidə böyük sürüşmə olub. 2000-ci il sürüşməsindən sonra ötən on il ərzində hər rüb Ekologiya və Fövqəladə Hallar nazirlikləri bizə dəyişikliklərlə bağlı məlumat verir. Avqustun 16-da verilən məlumatlarda ərazidə dəyişikliyin olduğu bildirilir. Hesab etdik ki, burada böyük sürüşmənin qarşısını almaq üçün bəzi tədbirlər görməliyik”.

Baş nazir müavininin dediklərinə görə, ilk olaraq çat olan yerlər gillə doldurulur, bərkidilir, xəndəklərin üstü izolyasiya edilir. “Yaranmış çatlar yüz metrlərlədir. Burada su axan kanalların sayı çoxaldılmalıdır ki, sürüşmə dərinliyinə su sızmasın. Ən qorxulusu odur ki, sürüşmənin yerləşdiyi dərinliyə su gedib çatır. İkincisi, buradakı həyət evlərində içməli sular əraziyə axıdılır, bostanları sulayırlar. Bunun qarşısı alınmalıdır. Bir də burada su, istilik borularını boşaldırıq ki, əlavə yüklər olmasın. Eyni zamanda, yamacın aşağısında yolun tikintisi ilə bağlı tədbirlər qlobal olmalıdır. Həmin layihələr 2-3 gün ərzində ekspertiza olunacaq ki, biz səhv buraxmayaq. Əsas məsələ budur”.

Cənab Şərifov Amerikanın Səsi radiosunun müxbirinin “hökumət qabaqcadan buranın sürüşmə zonası olduğunu bilirdisə, dəfələrlə sürüşmə olubsa, yamacın aşağı kəsiyində tikintiyə niyə icazə verilib? Həmin tikintilər dayandırılacaqmı?”, sualının cavabında “əvvəla, harada yazılıb ki, sürüşmə zonasında nə isə tikmək olmaz. Sürüşmə zonasında tikinti aparmaq üçün xüsusi tədbirlər görülməlidir və ekspertlər tərəfindən yoxlanılmalıdır. Yalnız sonra icazə verilə bilər” deyib.

Baş nazirin müavini 2000-ci il sürüşməsini xatırladıb. “O zaman yolu gördünüz, əyri tikdik. Əyri deyəndə, yəni profili dəyişdirmədik. O məqsədlə ki, onu tərpətmək olmazdı. Yəni sürüşmənin dili deyirlər, qabağa gedən yer, onda xəta çox ola bilərdi. İndi o ekspertiza olunur. Görürsünüz. Yəqin ki, on il bundan qabaq heç bir tədbir görülmədən tikinti üçün özül qazılmışdı. Amma indi orada tikililərin ətrafında 1,6 metr diametrində 30-40 metrədək dərinlikdə dirəklər vurulub. Yəni tədbirlər görülür. Biz buna daha da diqqətli olmalıyıq. Sonra bu il çoxlu yağış yağıb. Ən xatalısı odur. Biz çalışırıq ki, sürüşmənin qarşısını alaq”.
Cənab Şərifov “hazırda tikili aparılan ərazidə 2000-ci il sürüşməsində “Lukoil” yanacaqdoldurma məntəqəsi torpaq altında qaldı. Hazırda orada tikinti aparılması üçün icazə verilərkən qabaqcadan monitorinq, qiymətləndirmə aparılıbmı?” sualının cavabında “indi yoxlayırlar, mən bilə bilmərəm”, deyib. “Burada yalnız seysmik ekspertiza olmalıdır”, - deyə o qeyd edib.