Co Bayden : Rusiyaya əlavə sanksiyalar tətbiq edilə bilər

ABŞ-ın vitse-prezidenti deyib ki, Rusiya Ukraynanın şərqindəki separatizm hərəkatına son qoyulmasına yardım etməsə, Amerika tərəfdaşları ilə birgə Rusiyaya əlavə sanksiyalar tətbiq edəcək.

Ukrayna prezidenti Petro Poroşenko ilə telefon sözhbəti zamanı Co Bayden gələn həftə Avropa İttifaqı liderlərinin görüşünədək onunla təmasda olacağını deyib.

ABŞ və Avropa İttifaqı bir qrup Rusiya şirkəti və fərdlərinə qarşı Krımın ilhaqından sonra sanksiyalar tətbiq edib.

Ukraynanın şərq regionunda isə gərginliklər artmaqdadır. BMT regionda qətllər, işgəncələr və adam oğurlanmasına yol verildiyini bildirib.

BMT-nin insan haqları şöbəsinin rəhbəri Navi Pillay silahlı separatistləri Donetsk və Luqanska təxribatçı əməllərinə son qoymağa çağırıb.

Prezident Poroşenko münaqişənin həlli məqsədi ilə təktərfli atəşkəs elan ediləcəyinə söz verib. O, beləliklə separatistlərə silahlarını yerə qoymaq və ölkəni tərk etmək istəyənlərə imkan yaradılacağını deyib.