Hər il dünyada nə qədər körpədən imtina edildiyi dəqiq bilinmir. Bu statiskanı müəyyən etmək çətindir, belə ki, çox yerdə bu qeyri-qanuni sayılır. Arzuolunmaz körpələr çox zaman gizlədilir və ölümə məhkum olur.
Yeni doğulmuş körpənin cəsədi 2014-cü ilin soyuq dekabr ayında İndianapolis parkında aşkar edildi. Atılmış körpələrin cəsədlərinin dəfni ilə məşğul olan kilsə nümayəndəsi Linda Jasko körpənin adını Ameliya Qreys Hop qoydu. O deyir ki, Ameliya ölməli deyildi. “İmkansız, çıxılmaz vəziyyətdə, qorxu altında olan və çıxış yolunu körpəsini yol kənarına atmaqda görən bir ana körpəsini təhvil verməlidir.”
“Safe Haven”-“Cənnət yuvası” adlı yer Ameliyanın tapıldığı yerin yaxınlığında yerləşir.
2008-ci ildən bəri Birləşmiş Ştatlarda qanuni qəyyumlar məsuliyyətə cəlb edilmədən, 45 günədək olan körpələri səhiyyə xidmətlərinə təhvil verə bilərlər. Buna baxmayaraq, hər il ölkə boyu 150-yə qədər körpə yol kənarı, zibil qutuları və başqa yerlərə atılır.
Körpə ikən özü də atılmış Monika Kelsi hazırda yanğınsöndürən və tibb işçisi kimi fəaliyyət göstərir. O deyir ki, Cənubi Afrikadakı kilsədə körpələrin həyatının necə qorunduğunu gördükdən sonra, o da nəsə bir iş görmək istədi. “Bu, kimliklərinin müəyyən edilməsini istəməyən analar üçün idi.”
Bir çox ölkədə körpələrin həyatının xilası üçün adın anonim saxlanması şərtdir. Çox keçmədən Kelsi Amerikada körpələrin həyatlarını xilas etmək üçün “Cənnət yuvasında körpələr qutusu” yaradır.
Körpənin yerləşdirildiyi yumşaq, temperatura nəzarət edilən metal qutunun infra-qırmızı şüaları və xəbərdarlıq siqnalları var ki, təcili yardım işçiləri həmin qutunu bir dəqiqə işərisində aşkar edə bilir.
İndiananın Səhiyyə Nazirliyi bunun protokola və standartlara uyğun olmadığını deyərək, bu qutulara qarşı çıxdı. “Mən onlara bunun nəticələrini və atılmış körpələrin tapılan zaman nə vəziyyətdə olduqlarını izah etdim. Bu, böyük faciədir. Əgər o körpələr qutuda olsaydılar, onların həyatını xilas etmək mümkün olardı” deyə, Linda Jasko bildirir.
Bəzi dəyişikliklər edilməklə, ilk qutu Kelsinin işlədiyi yanğınsöndürmə idarəsində hazırlandı və ictimaiyyət buna müsbət reaksiya verdi. Monika Kelsi: “Biz başqa icmaların da bizim proqramdan istifadə etməsini istəyirik. Bizim məqsədimiz atılan körpələrin heç olmasa 10 faizini belə qutulara qoyulmasıdır. Ümid edirəm ki, bir gün bu, 100 faiz olacaq”.
Bu qutular körpə Ameliyanın həyatını xilas etmək üçün gecikdi, lakin böyük bir proqramın yaranması onun sayəsində mümkün oldu. Təşkilat Ameliyanın kiçik ayaq izlərini özünün emblemi edib.