İran Azərbaycanında ənənəvi Babək Qalası yürüşü ərəfəsində türk fəalların kütləvi şəkildə həbs edilməsi göstərir ki, İran hakimiyyəti bu yürüşlərin təkrar keçmişdəki görkəmi ilə keçirilməsindən qorxur. Bu fikri Amerikanın Səsinə Şahin Xiyavlı bildirir.
Your browser doesn’t support HTML5
Hüquq müdafiəçisi müsahibədə hələ də davam etməkdə olan həbs dalğası həmçinin illik Babək Qalası yürüşünün keçmişi və əhəmiyyəti haqqında danışıb.
Bu yürüşlər 1999-cu ildən mərhum Zehtabi və onun yoldaşlarının fəaliyyətləri sayəsində başladı.Şahin Xiyavlı
İran Azərbaycanında fəaliyyət göstərən hüquq müdafiəçilərinin yayımladığı məlumata görə, Ərdəbil vilayətindən başlanan həbs dalğası digər vilayətlərdə də geniş şəkildə davam etməkdədir.
İyulun 5-də müxtəlif vilayətlərdən Şərqi Azərbaycanda Babək Qalasının yerləşdiyi Kəleybər şəhərinə doğru hərəkət edən bir çox fəalın saxlanılması ilə son günlərdə tutulanları sayı 50-ni ötüb.
Əlavə olaraq müxtəlif bölgələrdə onlarla fəal təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib.
Şahin Xiyavlının dediklərinə görə, “Ettelaat qüvvələri türk fəallara zəng edib təhdid edirlər və ya birbaşa Etelaata çağırıb yazılı təəhhüd alırlar ki, yürüşə qatıldığınız təqdirdə, siz də tutulacaqsınız.”
Ənənəvi yürüşün keçmişinə diqqət çəkən Xiyavlı deyir ki, “bu yürüşlər 1999-cu ildən mərhum Zehtabi və onun yoldaşlarının fəaliyyətləri sayəsində başladı. O illərdə, Babək Qalası yürüşünə Azərbaycandan və ümumiyyət bütün türk bölgələrdən iştirakçı var idi. Bu hərəkat eyni zamanda türklərə məhdud olaraq qalmadı. Digər qeyri-fars millətlər də qatıldı.”
“Babək Qalası yürüşü hər zaman İran hakimiyyətini qorxuya salmışdır,” deyə hüquq müdafiəçisi vurğulayır:
“O dönəm İranda reformçuların güclü olduğu dönəm idi. Reformçuluq diskursu güclü bir söyləm idi. Buna görə, Babək Qalası da bu cəhətdən önəmlidir ki, o illərdə türklərin özünə dönüş nöqtəsi və oyanış zirvəsi oldu. O illərdə də tutulmalar var idi. Ümumiyyətlə Babək Qalasında toplanmaq hər zaman rejimi qorxuya salmışdır.”
Xiyavlı əlavə edir ki, keçən bir neçə illə müqayisədə tədbir üçün təşviqat-təbliğat tədbirləri daha güclü təşkil olunub, daha çox yürüşə çağırış bildirişləri yayımlanıb.
"Bu, rejimi yenidən qorxuya saldı ki, təkrar ilk illərdə olduğu kimi çoxsaylı insan qatıla bilər. Buna görə, yürüş başlamadan getmək istəyənləri tutmağa başladılar."