İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Babək Hüseyni Müqəddəm Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, Babək Hüseyni Müqəddəm İyulun 14-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin sədri Rəhim Həmləbərin hakimliyi ilə qurulan məhkəmədə “GAMAC adlı təşkilata üzv olmaq” ittihamı ilə mühakimə edilib.
Keçən ilin noyabr ayında İranın müxtəlif vilayətlərində keçirilən kütləvi etirazlarla əlaqədar həbs olunan həmin fəal noyabrın 17-də iş yerində Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən tutulmuşdu.
Babək Hüseyni Müqəddəmin aksiyalarda iştirak etməməsinə baxmayaraq, Ettelaat İdarəsinin xüsusi həbsxanasına göndərilmiş, sonra isə Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü.
22 gün Təbrizin mərkəzi həbsxanasında saxlanılan bu fəal nəhayət fevralın 25-də məhkəmənin son qərarına qədər girov müqabilində sərbəst buraxılmışdı.
Babək Hüseyni Müqəddəm daha öncə 2011-ci ilin iyul ayının 25-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin sədri Rəhim Həmləbərin hökmü ilə bir il həbs cəzasına məhkum olunmuşdu.
Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin sədri, hakim Rəhim Həmləbər illərdir ki, çox sayda milli fəalın məhkəməsində hakim olaraq milli fəalları müxtəlif ittihamlarla günahlandıraraq ağır həbslərə məhkum edir.
Hüseyni Müqəddəm bu günə kimi dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri və məhkəmələri tərəfindən həbs edilib.
İranda benzinin qiymətinin dövlət tərəfindən 3 qat artırılması qərarı ardından baş qaldıran kütləvi etirazlar zamanı İran Azərbaycanı ilə bərabər ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.