AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana gələcək

Torhildur Sunna Evarsdottir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir (İslandiya) 5-7 sentyabr tarixlərində Bakıya gələcək.

AŞPA-nın məlumatına görə o, məruzə hazırlanması və AŞPA sessiyasına təqdim edilməsi üçün faktların müəyyən edilməsi missiyasına rəhbərlik edəcək.

Onun Parlament üzvləri, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Baş Prokurorluğun və Prezident Administrasiyasının nümayəndələri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər planlaşdırılıb

Məruzəçi həmçinin bir sıra siyasi məhbuslarla görüş istəyib.

Sunna Torhildur Evarsdottirin səfəri iyunun əvvəllərinə planlaşdırılırdı, amma Azərbaycan tərəfin xahişi ilə təxirə salınıb.

Barak Obama 20 siyasi məhbus qadının portretinə baxır

2019-cu ilin yanvarın 22-də AŞPA-nin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin edilmiş İslandiyadan olan deputat Torhildur Sunna siyasi məhbuslarla bağlı ilkin memorandumu hazırlayaraq, AŞPA İnsan Hüquqları və Hüquq Komitəsinə təqdim edib.

Aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Asambleyasının yaz sessiyası çərçivəsində AŞPA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Tədbiri açan Hüquqi Məsələlər və İnsan Hüquqları komitəsinin sədri, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Torhildur Sunna Eyvarsdottir (İslandiya) deyib ki, bu ilin martında onlarla siyasi məhbusun azadlığa çıxmasına səbəb olan əvf fərmanından sonra bu problem hələ də tam həllini tapmayıb. Bu günə qədər hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı 70-ə yaxın insan həbsdədir.

Azərbaycan hökuməti birmənalı şəkildə ölkədə syasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, siyasi məqsədlərlə təqiblərin olmadığını bəyan edir.