AŞPA məruzəçisi siyasi məhbus hesabatı hazırlayır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbus sayılan şəxslər üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Evarsdottir yanvarda öz hesabatının ilkin variantını təqdim edəcək.

Məruzəçi bu barədə özünün Twitter-dəki mikrobloqunda yazıb.

“Hesabat AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin diqqətinə çatdırılacaq. Azərbaycanlı fəalların narahatlığını başa düşür, ancaq Azərbaycana səfər etmək üçün icazə almalıyam”, - məruzəçi qeyd edib.

Məruzəçi təqdim edəcəyi sənəddə həbsdəki bloger Mehman Hüseynova qarşı açılmış cinayət işinə də yer verəcək.

Buna qədər Azərbaycandan olan bəzi ictimai-siyasi fəallar təyin edilməsindən 7 ay keçsə də, məruzəçinin hələ də Azərbaycana səfər etməməsindən narahatlıq bildirmişdilər.

İslandiyadan olan deputat Thorhild Sunna iyunun 25-də Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri seçilib.

Həm də məruzəçi təyin edilən deputat "Azərbaycandakı siyasi məhbuslar" adlanan hesabat hazırlamalıdır.

Apreldə deputat Piter Omtsiq başda olmaqla, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürmüşdülər. AŞPA Bürosu həmin təşəbbüsü qəbul etmişdi.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

2013-cü ildə AŞPA almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı rədd edib.