AŞPA həmməruzəçiləri: Hakimiyyəti bütün siyasi məhbusları azad etməyə çağırırıq

Avropa Şurası

“Qismən prezident əfvi ilk növbədə ədalətsiz və siyasi motivli həbslərin qarşısını alan müstəqil məhkəmə sistemini əvəz edə bilməz. Odur ki, biz hakimiyyəti bütün siyasi məhbusları azad etməyə çağırırıq.”

Bu barədə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Rocer Qeyl (Böyük Britaniya), həmçinin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Sunna Evarsdottirin (İslandiya) birgə bəyanatında deyilir.

Qismən prezident əfvi ilk növbədə ədalətsiz və siyasi motivli həbslərin qarşısını alan müstəqil məhkəmə sistemini əvəz edə bilməz. Odur ki, biz hakimiyyəti bütün siyasi məhbusları azad etməyə çağırırıq

Həmməruzəçilər bəyanatında bunu AŞPA-nın 2293 (2020) və 2184 saylı (2017) qətnamələrinə əsaslanaraq bildiriblər.

Onlar 65 yaşdan yuxarı 176 məhbusun COVID-19 pandemiyası ilə əlaqədar əfv edilməsi barədə prezident fərmanını alqışlayıblar.

“Bu humanitar tədbir Avropa Şurası insan hüquqları üzrə komissarının sanitar böhran zamanı həbsxanalarda olan insanların hüquqlarının və sağlamlıqlarının qorunması ilə bağlı narahatlığına cavab oldu. Biz 2015-ci il Nardaran hadisələrindən sonra beynəlxalq birliyin narahatlığına səbəb olmuş ədalətsiz məhkəmə prosesləri zamanı mühakimə edilmiş iki məhbusun azad olunmasını qeyd edirik. Hesab edirik ki, bu addım düzgündür və digər işlərə baxılmasında da irəliləyiş gözləyirik.”

Bir çox siyasətçilər, hüquq müdafiəçiləri prezidentin əfv sərəncamını birmənalı qarşılamayıb. Onlar Azərbaycanda bütün siyasi məhbusların azadlığını istəyir.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Amerikanın Səsinə bildirib ki, sonuncu əfv sərəncamını təkcə müxalifət deyil, bütövlükdə cəmiyyət qəbul etməyib.

Bu əfvdən sonra müxalifətçilərin yenidən repressiyaya məruz qalması onu göstərdi ki, əfvdə məqsəd şəxsi istəklərin təmin olunması və imitasiya imiş.
İlham Hüseyn

“Koronavirus bəlasının tüğyan etdiyi bir vaxtda da siyasi məhbuslar azad edilmədi. Əvəzində qatı cinayətkarlar azadlığa qovuşdu. Ona görə də bunu humanizm yox, günahsız insanlara qarşı qisasçılıq adlandırmaq olar. İnsanlara azadlıq, ədalət bəxş edən şəxsləri şərləyib, insanlara ölüm gətirənləri azad edirlər. Bu əfvdən sonra müxalifətçilərin yenidən repressiyaya məruz qalması onu göstərdi ki, əfvdə məqsəd şəxsi istəklərin təmin olunması və imitasiya imiş,” o qeyd edib.

Prezident İlham Əliyev aprelin 6-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam verib.

Sənəddə yazılıb ki, dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına, səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılıb.

Qeyd edilib ki, dövlət başçısı bu sərəncamı məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Bu qərarla 176 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Prezident Əliyevin əfv sərəncamı ilə hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı iki nəfər azadlığa buraxılıb. Onlar Nardaran hadisələrinə görə həbs olunan Eldar Binyədov və Fəramiz Abbasovdur.

Əfv olunanlar arasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin yüksəkçinli rəhbərlərindən, generallar Sübahir Qurbanov və Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarov da var.

Keçmiş MTN generallarının azadlığa çıxması ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olub.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Akif Çovdarovun azadlığa buraxılmasının cəmiyyət üçün ciddi mesaj olduğunu deyib. O, Çovdarovun cəmiyyət üçün təhlükəli adam olduğunu deyib.

Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahılara görə, ölkə həbsxanalarında hazırda 100-dən çox siyasi məhbus var. Hərçənd, rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.