Ağ Ev koronavirusdan ölüm hallarının ikiqat artacağı barədə proqnozların əhəmiyyətini azaldır

Ağ Ev ABŞ hökumətinin iyunun 1-dək koronavirusdan gündəlik ölüm hallarının iki dəfə artacağına dair hesabatının əhəmiyyətini azaldıb.

Ağ Evin sözçüsü Cadd Dir bazar ertəsi deyib ki, hazırda 25 min olduğu halda Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin hesabatında ayın sonunadək hər gün təxminən 200 min yeni koronavirusa yoluxma halı olacağı deyilir.

Məlumat Federal Fövqəladə İdarəetmə Agentliyi tərəfindən modelləşdirilmiş cədvəl şəklində toplanıb və bazar ertəsi New York Times-da dərc edilib.

"Bu, Ağ Evin sənədi deyil. Bu sənəd nə koronavirusa dair İşçi Qrupu, nə də agentliklərarası yoxlama qrupuna təqdim edilib. Bu məlumatlar İşçi Qrupu və ya qrupun təhlil etdiyi məlumatlarını əks etdirmir" - deyə, Cadd Dir bazar ertəsi açıqladığı bəyanatında bildirib.

"Amerika xalqının sağlamlığı prezident Trampın əsas prioriteti olaraq qalır və ştatların məhdudiyyətlərin yüngülləşdirilməsi səylərini monitorinq etdikcə bu belə davam edəcək" - deyə, sözçü bildirib.

Hazırda 1750 olduğu halda, New York Times qəzetində açıqlanan hesabatda dörd həftə ərzində koronavirusdan ölənlərin sayının gündə 3000-ə çatacağı bildirilib.

Ağ Evin daha əvvəl istifadə etdiyi digər bir modeldə də avqust ayınadək proqnozlaşdırılan ölüm hallarının daha yüksək olacağı göstərilir. Vaşinqton Universitetinin Sağlamlıq Metrikası və Dəyərləndiriməsi İnstitutu ABŞ-da avqust ayınadək 134 mindən çox insanın həyatını itirə biləcəyini bildirib. Ötən həftə isə universitet bu müddət ərzində koronavirusdan 72 minə yaxın insanın həyatını itirəcəyini proqnozlaşdırmışdı.

Tədqiqatçıların bildirdiyinə görə, proqnozlarda bu artım qismən ölkə daxilində sosial izolyasiya siyasətinin yüngülləşdirilməsinə əsaslanır.

Birləşmiş Ştatlar koronavirusun yayılmasına qarşı təxminən 7 həftədir mübarizə aparıb, lakin prezident Tramp aprel ayına qədər ABŞ iqtisadiyyatının çox sahələrinin fəaliyyətinin dayandırılmasına səbəb olan karantin haqda göstərişlərinə son verib.