Ağ Ev: İŞİD artıq Suriyada heç bir əraziyə nəzarət etmir

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri

Ağ Evin sözçüsü cümə günü bildirib ki, İslam Dövləti Qrupu Suriyada artıq heç bir əraziyə nəzarət etmir. Bu, Vaşiqntonun Suriyadakı yerli müttəfiqinin cihadçılara qarşı döyüşlərin onların son anklavında davam etdiyini bildirməsindən sonraya təsadüf edib.

Sara Sanders deyib ki, ABŞ-ın müvəqqəti müdafiə naziri Patrik Şanahan Air Force One təyyarəsində Floridaya səfər edən prezident Donald Trampa məsələ ilə bağlı məlumat verib.

Bağuz

Suriya Demokratik Qüvvələri İŞİD-in Bağuzda məğlubiyyətə uğradığını hələ ki, elan etməyib. Onlar cümə günü ərazinin böyük hissəsini ələ keçirdiklərini bildirsə də, orada hələ də cihadçı döyüşçülərin olduğunu söyləyib.

Reuters-in Bağuzdakı jurnalisti cümə gündüz saatlarında hava hücumlarının səslərini eşidib və şəhər üzərində dumanın olduğunu görüb.

Suriya Demokratik Qüvvələri həftələrdir Suriyanın cənub-şərqində İraqla sərhəddə yerləşən və militantların son istehkamı olan Bağuz şəhərində İŞİD-i məğlub etmək uğrunda mübarizə aparır. İŞİD bir zamanlar Suriya ilə İraqın üçdə birinə nəzarət edirdi.

Suriya Demokratik Qüvvələrinin mətbuat idarəsinin rəhbəri Mustafa Bali Reuters-ə bildirib ki, Suriya Demokratik Qüvvələrinin döyüşçüləri Bağuz ərazisin böyük hissəsini ələ keçirib və gecə iki fərqli mövqedə təslim olmaqdan imtina edən İŞİD militantları ilə döyüşüb.

Suriya Demokratik Qüvvələrinin döyüşçüləri

Bali deyib ki, cihadçılar Bağuzda təpələrdəki mağaralarda və yaxınlıqdakı Fərat çayının ətrafındakı çuxurlarda ilişib-qalıblar. “Bizim qüvvələrimiz onları təslim olmağa vadar etməyə çalışır, amma hələ ki, döyüşlər davam edir”, o söyləyib.

İŞİD-in Bağuzda məğlub olması ilə birlikdə qrupun mülki əhalisi olan ərazi üzərində nəzarətinə son qoyulmasına baxmayaraq, İŞİD hələ də təhlükə olaraq qalır. Qrupun döyüşçüləri ucqar ərazilərdə fəaliyyətlərini davam etdirir və onlar qiymaçı hücumlar həyata keçirmək imkanlarına sahibdirlər.